“28-30 aprel tarixlərində baş tutacaq “Formula-1” Qran-prisinə Azərbaycan artıq yeddinci dəfədir ev sahibliyi edir”.
Oxu.Az xəbər verir ki, bu sözləri 2023-cü il “Formula-1” Azərbaycan Qran-prisinə bilet satışı ilə bağlı təşkil edilən mətbuat konfransında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) milli mətbuat katibi Turab Teymurov deyib.
O diqqətə çatdırıb ki, builki yarışda ilk dəfə olaraq paytaxtda azarkeşlərin həyəcanla izlədiyi “F1 Sprint” yarışı keçiriləcək:
“Bu, mövsümün ilk “F1 Sprint” yarışıdır və qürur duyuram ki, bu yarışın baş tutacağı altı ölkə arasında Azərbaycan da yer alır. Yarış həftəsində təşkil ediləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlər və ictimaiyyətin diqqətinə çatdırılacaq”.