“Qarabağ”ın futbolçusu “Neftçi”yə keçə bilər

Filip Ozobiç mövsümün sonunda “Qarabağ”ı tərk edə bilər.
Oxu.Az xəbər verir ki, Ağdam klubunun əsas heyətində yerini itirən milliləşdirilmiş xorvatiyalının “elçiləri” də var.
Əldə etdiyimiz məlumata görə, “Neftçi” onun xidmətində maraqlıdır. Paytaxt klubu yerli oyunçu arsenalını genişləndirmək niyyətindədir. Üstəlik, 31 yaşlı yarımmüdafiəçi uzun illərdir, ölkəmizdə çıxış edir və yerli çempionata yaxşı bələddir. “Ağ-qaralar” onun komandanı gücləndirəyəcinə inanırlar.

Ozobiçin daha bir müştərisi Xorvatiyadandır. Futbolçunun ölkəmizə gəlməzdən öncə çıxış etdiyi “Slaven Belupo” onu heyətində görmək istəyir.
Azərbaycan millisinin üzvünün seçimində maliyyə şərtləri və avrokuboklarda təmsil olunma həlledici rol oynayacaq. Hər iki amildə “Neftçi” daha üstündür.

Ozobiç 2018-ci ildə “Qəbələ”dən “Qarabağ”a keçib. O, bu mövsüm 16 matçda üç qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.