Millimizin baş məşqçisi: “...Heyətə ən yaxşı güləşçilər cəlb olunublar”


Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatı öncəsi fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qitə birinciliyinə ən yaxşı formada olan güləşçilərin aparılacağını deyib:

“Avropa çempionatı üçün açıqlanan heyətə ən yaxşı güləşçilər cəlb olunublar. Onlar istər daxili, istərsə də beynəlxalq arenalarda özlərini göstərməyi bacarıblar. Bu güləşçilər millidə olmağa layiqdirlər”.

Yığmanın baş məşqçi postuna martda təyin olunan Qazyumov yarışda uğurlu nəticə əldə etmək istədiklərini vurğulayıb:
“Mənə etimad göstərdiyi üçün Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Bu inamı doğrultmağa çalışacağam. Yığmamız ötən il komanda hesabında Avropa çempionu olub. Bu uğuru təkrarlamaq çətin olacaq. Buna nail olmaq üçün maksimum gücümüzlə mübarizə aparacağıq. İki mərhələdən ibarət təlim-məşq toplanışımız oldu. Açığı, millidə hələ yeni olduğum üçün təfərrüatı ilə nəsə deməyim düzgün olmaz. Ümumilikdə vəziyyət yaxşıdır”.

Avropa çempionatı aprelin 17-dən 23-dək keçiriləcək. Sərbəst güləş yığması qitə birinciliyində 10 idmançı ilə təmsil olunacaq.