Azərbaycanın dörd cüdoçusu Avropa çempionu olub, biri bürünc medal qazanıb - YENİLƏNİB-2

Azərbaycanın qadın cüdoçusu Vüsalə Hacıyeva Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 48 kq-da yer alan idmançı finalda israilli Libi Bekkerə qalib gələrək birinci yeri tutub.

Bundan başqa, 60 kq-da çıxış edən Məhəmməd Musayev həlledici qarşılaşmada macarıstanlı Sebastyen Kolları yenərək Avropa çempionu olub.

Beləliklə, Azərbaycan cüdoçuları yarışın ilk günündə 4 qızıl və 1 bürünc medal əldə ediblər. Vüsalə Hacıyeva və Məhəmməd Musayevdən əlavə, Məhəmməd Məmişov (50 kq) və Mirxaliq İskəndərov (55 kq) də qitə çempionu olub, 55 kq-da mübarizə aparan digər idmançı Əhməd Rüstəmov isə bürünc medal qazanıb.

20:35

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Avropa çempionu olub.

"Report"un məlumatına görə, 55 kq-da mübarizə aparan Mirxaliq İskəndərov Portuqaliyanın Odivelas şəhərində keçirilən yarışın finalında Serbiya təmsilçisi Marko Corjiç üzərində qələbə qazanıb.

20:21

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb. Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

55 kq-da yarışan Əhməd Rüstəmov isə bürünc medal əldə edib.