Azərbaycan III Avropa Oyunlarında ilk medalını qazanıb - YENİLƏNİB

Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

"Report"un Krakova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.

Hakimlər rəqibə hansoku (diskvalifikasiya cəzası), Ağalarzadəyə isə qələbə veriblər.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.

19:35

Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un Krakova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq-da yarışan idmançı finala gedən yolda polşalı Miloş Sabyetskini sınağa çəkib.

Rəqibinə 4:3 hesabı ilə qalib gələn Ağalarzadə adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi yunanıstanlı Dionisios Ksenos olacaq.

Qeyd edək ki, Tural Ağalarzadənin görüşünü Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da izləyiblər.