Azərbaycan triatlonçusu: “Nəticədən razı qalmadım”

“Medalçılar sırasına düşməyimə çox az qalmışdı. Bu üzdən nəticədən razı qalmadım”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın kişilərdən ibarət triatlon yığmasının üzvü Rostislav Pevstsov Polşada təşkil edilən III Avropa Oyunlarında 6-cı yeri tutması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, sona yaxın ilk “üçlüy”ə düşməyə çalışdığını, lakin buna nail olmadığını bildirib: “Yarışın gedişində yaxşı forma yığmışdım. Liderlər qrupunda bir-birimizə çox yaxın idik. Əslində məqsədim axıra qədər liderlər sırasında qalmaq və sonda əlavə güc sərf edərək, rəqibləri qabaqlamaq idi. Lakin məndən öndə olan idmançılar stabilliyi əldən vermədiklərindən, onları keçməkdə çətinlik çəkdim”.

36 yaşlı triatlonçu gələcək karyerası ilə bağlı sualı da cavablandırıb: “Yaşım artıq az deyil. Güclü gənc triatlonçular var, rəqabət aparmaq çətinləşib. Gələcək karyeram əldə edəcəyim nəticələr və səhhətimdən asılı olacaq. Əsas odur ki, zədə olmasın”.

Qeyd edək ki, III Avropa Oyunlarında 1 saat 46 dəqiqə 58 saniyəlik göstərici ilə 58 nəfər arasında finişə 6-cı çatan Rostislav Pevstsov liderdən 8 saniyə geri qalıb.