Ləyaqətlə başlar, ləyaqətlə bitər...

Azərbaycanda idmanın inkişafı güclü gənc nəsil yetişdirdi

"İdmanda qazanılan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırmaqla bərabər yetişən gənc nəsildə vətənpərvərlik hisslərini də gücləndirir"

   Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən bəyan edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. Dövlət başçısı vurğulayıb ki, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir. Eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir: “Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”. 

Görüşdə ölkə rəhbəri bildirib ki, vətənpərvərliyi daha da gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimiz və eyni zamanda, idman uğurlarımızdır: “Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz”. Dövlət başçısı tərəfindən idman sahəsinə göstərilən diqqət, qayğı idmançılara göstərilən etimad, təltiflər idman ictimaiyyəti tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Tam məsuliyyətlə demək olar ki, bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsində dövlət qayğısını əks etdirən bu kimi görüşlərin böyük rolu var.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Cavid Osmanov “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan idmanı və idmançıları hər zaman ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Deputatın sözlərinə görə, bunu Azərbaycanda bu sahəyə olan qayğı və Prezidentin mütəmadi olaraq idmançılarla keçirdiyi görüşlər təsdiq edir:

 “Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə keçirilən görüş də bu qəbildəndir. İdmançılarla görüşdə Prezident cənab İlham Əliyev onların qazandıqları uğurları yüksək qiymətləndirməklə bərabər hər zaman dövlət tərəfindən idmana yüksək diqqət və qayğının olacağını qeyd etdi. Bütün bunlar isə ölkə idmançılarının qarşısında daha böyük vəzifələr müəyyənləşdirir ki, onlar ölkəmizin idman gücünü bundan sonra da dünyaya nümayiş etdirə bilsinlər. Ölkə başçısı idmançılarla görüşdə bildirdi ki, onlar cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil edirlər və bu böyük qürur, eyni zamanda böyük məsuliyyətdir. İdmançılarımız da yarışlara çıxanda unutmamalıdırlar ki, onlar müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Azərbaycanda idmanın inkişafı güclü gənc nəsin yetişməsi deməkdir. Həmçinin, idmanda qazanılan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırmaqla bərabər yetişən gənc nəsildə vətənpərvərlik hisslərini də gücləndirir”. 

İki il sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına diqqət çəkən ölkə başçısı bütün idman növlərində lisenziya qazanacaq idmançıların bu əsas yarışa indidən hazırlaşmalı olduqlarını qeyd etdi: 

“Bunun üçün də düzgün təlim-məşq toplanışları müəyyən edilməli, növbəti Olimpiya  Oyunlarında Azərbaycanın daha çox uğurla çıxış edə bilməsi üçün gələcək yarışların nəticələrinə baxmadan, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etməlidirlər. Azərbaycan idmançılarının bu vaxta qədər ləyaqətlə ölkəmizi təmsil etdiklərinə diqqət çəkən Prezident xatırlatdı ki, ləyaqət qələbədən daha vacibdir. Odur ki, idmançılar yarışlarda feyr-pley anlayışını unutmamalı və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Əlbəttə, hər bir idmançı üçün qələbə çox önəmlidir. Rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilib, halal qələbəni öz istedadı, zəhməti hesabına qazanıblar. Azərbaycan xalqı layaqətli xalqdır, dövlətimiz isə hər zaman haqq-ədaləti əsas tutur. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, ədalətli və qətiyyətli siyasət nəticəsində Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü müəyyən və həll edir, müstəqil siyasət aparır. İstər döyüş meydanlarında, istərsə də siyasi arenalarda davamlı qələbələr qazanırıq”.