Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
“köhlən atlar” turnirin pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:3 hesablı ilə uduzsa da, iki görüşün nəticəsinə görə turu keçib.
Görüşdə “Qarabağ”dan Leandro Andrade (25-ci dəqiqə) ilə Abdullah Zubir (45), rəqibdən isə Lenni Cozef (12) Barnabaş Varqa (55, pen.) və Aleks Tot (82) fərqlənib.
Ağdam təmsilçisi avqustun 19-da səfərdə keçirilən matçda 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək, “Qarabağ” daha əvvəl 2017/18 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.
İdman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a söyləyib ki,Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq nəinki Azərbaycan futbolu, həm də türk futbol dünyası üçün əlamətdar hadisədir:
"Artıq 12 ildir ki, “Qarabağ” Azərbaycan futbolunun ən böyük uğurlarını çiyinlərində daşıyır. Azərbaycan futbolundakı ən böyük nailiyyətlər və ilklər “Qarabağ” klubunun adı ilə bağlıdır. Etiraf etmək lazımdır ki, Azərbaycan futbolunun gücündən daha artıq nəticələr göstərən məhz “Qarabağ” olub. Çempionlar Liqasının yeni formatını Azərbaycan ictimaiyyəti məhz “Qarabağ” sayəsində müşahidə edib. Klubun bu mərhələni atlaması Azərbaycanın UEFA reytinqində iki pillə irəliləməsinə səbəb oldu. Bu isə qələbənin nə dərəcədə dəyərli olduğunu göstərir. Qazanılan uğur həm də Azərbaycan turizm potensialına mühüm töhfə verir. Bu, ölkəmizin beynəlxalq miqyasda tanıdılmasına, Avropa futbol ailəsində Azərbaycan futbolunun mövcudluğunu nümayiş etdirməsinə şərait yaradır. Daxili çempionatda da “Qarabağ” klubu Azərbaycan Premyer Liqası üçün mühüm rol oynayır. Belə bir klubun mövcudluğu digər yerli komandalar üçün də stimul xarakteri daşıyır. Çünki “Qarabağ” artıq Avropada öz sözünü demiş və Avropa futbolunun daimi iştirakçılarından birinə çevrilib. Bu hadisə yalnız idman baxımından deyil, eyni zamanda iqtisadi, turizm, mədəniyyət və tanıtım sahələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çempionlar Liqasında iştirak böyük maliyyə vəsaitlərinin ölkəyə daxil olmasına və “Qarabağ” klubunun inkişafına xidmət edəcək. Əgər komanda növbəti mərhələlərdə də uğurlu çıxış etsə, bu, Azərbaycanın futbol tarixində daha mühüm nailiyyətlərə gətirib çıxara bilər. Mövcud rəqiblər fonunda ən azı beş-altı komanda ilə real rəqabət aparmaq mümkündür ki, bu da klubun səviyyəsini göstərir. Bütün bunlar “Qarabağ”ın uğurlarını Azərbaycan üçün çox böyük hadisəyə çevirir. Klubun nailiyyətləri həm milli qürur, həm də müxtəlif sahələrdə ölkənin inkişafına təkan verən amildir. Bu münasibətlə “Qarabağ”ı təbrik edir, növbəti oyunlarda da uğurlar arzulayıram. Ümid edirik ki, qarşıda “Real Madrid” ilə oyunun Bakıda keçirilməsi və ya komandamızın Madridə səfəri baş tutacaq və həmin qarşılaşmanı böyük məmnuniyyətlə izləyəcəyik”.