Rusiya millisi Azərbaycanın da yarışacağı Avropa çempionatından kənarlaşdırıldı 


Avropa Mini-Futbol Federasiyası (EMF) 4-11 iyun tarixlərində Slovakiyanın Koşitse şəhərində keçiriləcək qitə çempionatından Rusiya millisini kənarlaşdırıb.
Oxu.Az-ın xəbərinə görə, EMF-nin İcraiyyə Komitəsi AVRO-2022-nin ev sahibi Slovakiya Mini-Futbol Assosiasiyası ilə razılaşdıraraq Rusiya millisinin yarışda iştirak üçün dəvətini geri çevirib.

Həmçinin, qərarda bildirilib ki, Rusiya milli komandası və rəsmilərinin öz hökumətinin Ukraynaya hücumu ilə razılaşmamaları mümkün ola bilər. Lakin Slovakiyanın Koşitse şəhərinin Ukrayna ilə sərhədə 100 km məsafədə yerləşdiyi və Rusiya millisinin təhlükəsizliyi nəzərə alınaraq, belə bir qərar verilib.
Qeyd edək ki, bu Avropa çempionatında Azərbaycan millisi də iştirak edəcək. Azərbaycan və Slovakiyadan başqa, bu yarışda Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Fransa, Gürcüstan, İngiltərə, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Moldova, Monteneqro, Polşa, Rumıniya, Serbiya, İspaniya, Türkiyə və Ukrayna milliləri də mübarizə aparmalıdır.