Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub

Kişi və qadınlar arasında keçiriləcək şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, Landmark-ın Rotunda zalında baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib.

Mahir Məmmədov yarışla bağlı danışıb: “Azərbaycan çempionatı 15 il əvvəl həddindən artıq sönük yarışlara dönmüşdü. Bu dönəmlərə qayıtmaq istəmirik. Yaxşı, maraqlı çempionat olsun. Hakimlərdən ədalətli olmağı və qaydalara əməl etməyi xahiş edirəm. Çempionatda reytinqə baxılmasın, rəqabətli yarış izləyək. Uğurlar arzu edirəm”.

Daha sonra turnirin tanıtım videoçarxı nümayiş etdirilib.

Ardınca Fərid Qayıbov da iştirakçılara uğurlar arzu edib: “Artıq ikinci ildir ki, çempionat bu formatda keçirilir. Tamamilə beynəlxalq səviyyəyə uyğundur. Azərbaycan idman yarışlarında yaxşı təşkilatçı kimi dünyada tanınır. Şahmat federasiyası ölkədə ən aktivlərdəndir. Yaxşı nəticələr gözləyirik. Bizim iştahımız böyükdür. Bəzən hansı nəticələrdən razı qalmırıq. Əsas odur, bizim öz idmançılarımız var. Bu gün şahmatla çoxlu gənclərimiz məşğuldur. Düşünürəm çempionat boyu da yaxşı nəticələr görəcəyik”.

Daha sonra çempionatın püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, 6-22 fevral aralığında təşkil olunacaq birinciliyə 46 zəka sahibi qatılacaq. Onlardan 30-u kişi, 16-sı qadınlar arasında mübarizə aparacaq. Ümumi mükafat fondu 92 min manat təşkil edəcək. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir. Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında baş tutacaq.