Bir il məşq etdi, minlərlə iştirakçını geridə qoydu
"Yarışda iştirak edənlər sanki bir-biri ilə deyil, öz iradələri ilə mübarizə aparırlar"
Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə keçirilən “Bakı Marafonu 2026”da “Şərq Media Qrup”un əməkdaşı Elmar İbrahimli də uğurla iştirak edərək yer tutub.
Artıq doqquzuncu dəfədir təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. E. İbrahimli isə 21 km məsafə üzrə 1314 iştirakçı arasında 86-cı yerə yüksəlib.
İdmanı həyat tərzinə çevirən gənc yarışçı E. İbrahimli Sherg.az-la fikirlərini bölüşüb:
“Bulvarda xaricdən gələn qonaqların müxtəlif yaş qruplarını əhatə edən yürüşlərə qoşulduğunun şahidi olurdum. Mən də onların əzminə baxıb, qaçışı həyatımın bir parçasına çevirməyi hədəflədim. İlk başda düzgün qaçış strategiyasını bilmədiyim üçün biraz məyus olmuşdum. Ancaq sonradan bəzi qaçış və marafon həvəskarlarını birləşdirən icma tipli qruplara qoşuldum. Zamanla qrupda fəaliyyət göstərən yoldaşlarımdan doğru qaçış strategiyasının qaydalarını mənimsəyə başladım”.
E. İbrahimli bildirib ki, Bakı marafonu onun gizli qalan bacarıqlarını üzə çıxaran və onları cilalayan dəyərli bir fürsətə çevrilib:
“Bir illik məşqlərin ardından yarışda 1314 nəfər arasında 86-cı yerə yüksəldim. Marafon insanları bir araya gətirərək xüsusi atmosfer yaradır. Bəzən insanlar yarışlarda yürüş keçirməyin maddi əsaslara söykəndiyini düşünür. Lakin bu belə deyil. Yarışda iştirak edənlər sanki bir-biri ilə deyil, öz iradələri ilə mübarizə aparırlar. Qaçış sağlamlığın təməl parçalarından biridir. Hər yürüşə çıxdıqda stressimi atdığımı və özümü daha gümrah hiss etdiyimi görürəm”. 