"28 May" və "Koroğlu"nun yükü azalacaq - Bakı metrosunda yeni dövr başlayır

  • "Bu islahat Bakıda şəxsi avtomobillərdən istifadəni azaldacaq"

 “Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması uzunmüddətli perspektivdə şəbəkənin buraxıcılıq qabiliyyətini artıracaq və daha dayanıqlı metro sisteminin formalaşmasına xidmət edəcək. Lakin tikinti və keçid dövründə sərnişin axınını səmərəli idarə etmək üçün bu layihə paralel nəqliyyat həlləri ilə müşayiət olunmalıdır”.

Sherg.az xəbər verir ki, bu barədə Rauf Ağamirzəyev məlumat verib. 

Baş Keşlə-Böyükşor mənzilləri arasında cəmi 2 km-lik dəmir yolu sahəsinin yenilənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan mütəxəssis bildirib ki, bu istiqamətin təxminən yarısı artıq ötən il yenilənib: “ Qalan hissənin də bərpası Dərnəgül–Koroğlu dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək və Abşeron dairəvi dəmiryolunun tam dairəvi marşrut kimi fəaliyyət göstərməsi üçün əsas formalaşdıracaq. Bu layihə sayəsində 28 May və Koroğlu metro stansiyalarındakı sərnişin yükünün bir hissəsi relsli nəqliyyatın digər istiqamətlərinə yönləndiriləcək. Eyni zamanda, Xırdalandan şəhərin şərq hissəsinə səfər edən sərnişinlər üçün marşrut qısalacaq, bu isə həm səfər müddətini azaldacaq, həm də avtobus və digər yerüstü ictimai nəqliyyatın üzərindəki yükün bir hissəsinin dəmir yoluna keçməsinə şərait yaradacaq. Bununla paralel olaraq, ictimai nəqliyyatda brutto müqavilə modelinə keçidin, günlük, aylıq və illik bilet paketlərinin, həmçinin 90 dəqiqəlik ödənişsiz transfer sisteminin sürətlə tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu alətlər metro, avtobus və şəhərətrafı qatarlar arasında vahid və inteqrasiya olunmuş tarif sistemini formalaşdıracaq, sərnişinlərə əlavə xərc çəkmədən nəqliyyat növlərini dəyişmək imkanı yaradacaq. Nəticədə, şəxsi avtomobildən istifadənin azalmasına, ictimai nəqliyyatın cəlbediciliyinin artmasına, xətlərin ayrılması dövründə sərnişin axınının daha səmərəli idarə edilməsinə və şəhər mobilliyinə mənfi təsirlərin minimuma endirilməsinə nail olmaq mümkün olacaq.

Nisbətən kiçik həcmli infrastruktur layihələri ilə tarif və idarəetmə islahatlarının eyni vaxtda həyata keçirilməsi Bakı və Abşeronun relsli nəqliyyat sisteminin əlaqəliliyini əhəmiyyətli dərəcədə artıracaq, şəhərin nəqliyyat şəbəkəsini daha dayanıqlı və sərnişinyönümlü edəcək. Bu yanaşma metro xətlərinin ayrılması prosesinin təsirlərini minimuma endirməklə yanaşı, gələcək inkişaf üçün də möhkəm zəmin yaradacaq”. 

Qeyd edək ki, Bakı Metropoliteni" QSC avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayır. Təxminən 10-11 ay davam edəcək işlər çərçivəsində "Nizami–28 May" sahəsində qatarların hərəkəti dayandırılacaq, sərnişin daşınması isə alternativ marşrutlarla təşkil ediləcək.