Avtonom nəqliyyat sisteminə keçid mərhələli şəkildə reallaşacaq - EKSPERT

  • İnfrastruktur tam hazır olmadığı üçün bu proses müəyyən dövr ərzində əsasən nəzəri xarakter daşıyacaq

Süni intellekt əsaslı texnologiyalar inkişaf etdikcə, onun müxtəlif sahələrə də necə sirayət etdiyini görürük. Müəllim, həkim, psixoloq, jurnalist və s. kimi rolları alan süni zəka artıq sürücüləri də əvəzləyə bilir. Söhbət avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən gedir. Dünyada texnologiyalar üzrə lider olan Çin bu sahədə xeyli irəliləyib. Çin hazırda dünyada sürücüsüz nəqliyyat texnologiyalarını ən sürətlə və kütləvi şəkildə tətbiq edən ölkədir. Ölkənin bir çox nəhəng şəhərində "Level 4" (tam sürücüsüz) taksilər adi nəqliyyat vasitəsinə çevrilib.

Ölkəmizdə də artıq bu sahə üzrə müəyyən addımlar atılmasının şahidi oluruq. 2026-cı ilin avqust ayında Prezident İlham Əliyevin Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqinə dair qanunvericilik dəyişikliklərini rəsmən təsdiqləməsi bu istiqamətdə atılan addımın təməli sayılır.

Çünki bununla da ölkəmizdə avtonom idarəetmə texnologiyalarının tətbiqi və sınaqları üçün rəsmi olaraq start verilib. Ölkəmizin yollarında tamamilə sürücüsüz (Səviyyə 4 və 5) avtomobillər hələ ki sərbəst hərəkət etmir. Lakin Azərbaycana idxal olunan bir çox müasir avtomobillərdə qismən avtonomluq mövcuddur. Belə olan halda bu sistemdə maraqlı bir nüans ortaya çıxır. Avtonom avtomobillər qəza törədərsə, məsuliyyəti kim daşıyacaq?

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov Sherg.az-a bildirib ki, bu sahədə cəza tətbiqi yalnız xarici standartlara uyğun hüquqi baza yaradıldıqdan sonra tətbiq edilməlidir:

"Texnologiyalar və süni intellekt inkişaf edir. Bu səbəbdən, bir sıra ölkələrdə nəqliyyat sisteminin avtonomlaşdırılması planlaşdırılır. Hətta elə yerlər var ki, icraat da həyata keçirilir. Ümumiyyətlə, hər bir təşkilati fəaliyyətin normativ-hüquqi əsası olmalıdır. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da məsələ ilə bağlı hüquqi bazanın yaranması üçün müəyyən məsələlər nəzərə alınır. Ancaq o demək deyil ki, bu dəqiqə proses başlayacaq. Məsələn adi elektroavtomobillərin ölkəmizə daxil olması üçün öncədən müzakirə gedirdi. Bəzi adamlar elə bilirdi ki, bu məsələ danışılan kimi bütün avtomobillər elektrikli modelə keçəcək. Hər bir inkişafın özünün artım tempi və ölkədə bütün sahələrə təsir imkanları var. Onları aradan qaldırmamış başqa bir şey tətbiq eləmək çox çətindir".

Həmsöhbətimizin fikrincə, avtonom nəqliyyat vasitələrinin tətbiqi son dərəcə mürəkkəbdir:

“Hava nəqliyyatında olduğu kimi, avtonom sistemlərdə də hər hansı insident baş verdikdə idarəetmə zəncirində yer alan bütün məsuliyyət nöqtələri nəzərə alınmalıdır. Klassik yol hərəkətinin təşkilində baş verən nəqliyyat hadisələrinin araşdırılması zamanı "Sürücü – Avtomobil – Yol – Ətraf mühit" (SAYM) zənciri əsas götürülür. Bu sistemdə subyekt və obyektlərin həm fərdi, həm də qarşılıqlı fəaliyyəti təhlil olunur. Avtonom nəqliyyatda da analoji sistemli təhlil aparılmalı, qüsurların, çatışmazlıqların və qəza şəraitinin hansı amildən qaynaqlandığı dəqiq müəyyənləşdirilməlidir”.

F. Eyyubov onu da qeyd edib ki, avtonom nəqliyyat sisteminə keçid birdən-birə deyil, mərhələli şəkildə reallaşacaq: 

“Hazırda nəqliyyatın və yol hərəkətinin təşkilinə dair normativ-hüquqi baza təkmilləşdirilir. Yeni avtonom sistemin yaradılması və onun hərtərəfli analizi vacib məsələdir. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilsə də, infrastruktur tam hazır olmadığı üçün bu proses müəyyən dövr ərzində əsasən nəzəri xarakter daşıyacaq. Keçid dövründə sistemin bəzi zonalarda eksperimental qaydada tətbiqi mümkündür. Bu texnologiyaların ölkəmizə inteqrasiyası istiqamətində tədqiqatlar davam edir. Bununla belə, yol hərəkətinin təşkilində iki əsas prinsip unudulmamalıdır: Optimal sürət və mütləq təhlükəsizlik. Təhlükəsizlik olmadan sürətin, sürət olmadan isə təhlükəsizliyin təkbaşına təmin edilməsi inkişafa xidmət etməz. Avtonom sistemlərdə insan amili azaldığı üçün yüksək sürət potensialı böyükdür. Lakin mütləq təhlükəsizlik olmadan kütləvi tətbiq imkansızdır. Sahənin inkişafı məhz bu prinsiplər nəzərə alınmaqla planlaşdırılmalıdır”.