Problem tam həll olunmadıqca eyni vəziyyət hər il təkrarlanacaq
Yağışın fəsadları hələ də tam olaraq aradan qaldırılmayıb. Bakı şəhər icra başçısı Eldar Əzizov nəhayət ki “el arasına” çıxsa da, Dövlət Su Ehtiyatları Agentliyi bir sıra ərazilərdə (Keşlə qəsəbəsi) yağış sularının çəkilməsini təmin etsə də, kollektorun üzərində tikilmiş ev sökülsə də, problemin ümumən həll olunduğunu söyləmək hələ çox tezdir. Ayrı-ayrı ərazilərdən sakinlər videolar paylaşaraq problemlərini dilə gətirir, vəziyyət barədə məlumat verirlər. Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində çəkiliş edən bir vətəndaş orada yağış suları üçün ötürücünün olmaması səbəbindən yağış suyunun aşağı məhəllələrə yönləndirildiyini və küçələrinin, evlərinin subasmaya məruz qoyulduğunu deyib.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd edib ki, paytaxt Bakı və ətraf qəsəbələrdə, o cümlədən Abşeron rayonu kimi geniş ərazilərdə hüquqi statusu olmayan, sənədsiz saysız-hesabsız əmlak və evlər mövcuddur. Onun sözlərinə görə, bu tikililərin əksəriyyəti – istər Masazır, Xırdalan, istərsə də Hökməli, Məhəmmədi və digər qəsəbələrdəki yeni evlər – təyinatı üzrə tikilməyib, planlı və layihə əsasında salınmayıb, kommunikasiya xətləri isə düzgün qurulmayıb.
Bunun səbəbkarı vaxtilə həmin ərazilərdə tikintiyə nəzarət etməli olan qurumlara rəhbərlik etmiş, şəhərsalma qaydalarına riayət edilməsinə cavabdeh vəzifəli şəxslər və məmurlardır. Onlar vəzifələrinə məsuliyyətsiz və qeyri-ciddi yanaşıb, müəyyən maraqlar müqabilində qanunsuzluqlara göz yumublar. Son günlərdə müvafiq qurumlar tərəfindən problemlər müəyyən qədər aradan qaldırılıb. Lakin bu, kifayət etməyəcək. Problemin həlli yolları üzərində ciddi düşünülməlidir. Problem köklü şəkildə həll olunmadıqca qalacaq və daha böyük fəlakətlərə səbəb ola bilər.
Bələdiyyələrin və icra başçılarının bu məsələdə, demək olar ki, səlahiyyəti yoxdur. Şəhər təsərrüfatı üzrə ayrı-ayrı qurumlar fəaliyyət göstərir. Problem yalnız bu qurumların birgə fəaliyyəti nəticəsində həllini tapa bilər. Strateji plan təsdiq olunmalı və hər bir qurum üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Hazırda pərakəndəlik mövcuddur. Kompleks yanaşma tətbiq edilsə, problemlər həllini tapar, əhalinin və vətəndaşların məmnunluğu təmin olunar.
Bütün ərazilər üzrə monitorinqlər aparılmalı, dövlət planı təsdiq edilməli, aidiyyəti qurumlar üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər. Çünki oxşar vəziyyət ötən il də yaranmışdı. Problem tam həll olunmadıqca eyni vəziyyət hər il təkrarlanacaq.