Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT

  • Rauf Ağamirzəyev magistral yollarda dəyişiklik təklif edir
  • Yanacaq və vaxt itkisinə son qoymaq olar, lazımsız dövrələr aradan qaldırılmalıdır

Magistral yollarda təhlükəsiz geriyə dönmə imkanları artırılmalıdır. Bir çox sürücü magistral yollarda, xüsusilə yaşayış məntəqələrinin yaxınlığında geriyə dönmə hissələrinin bir-birindən uzaq yerləşməsindən şikayətlənir. Bu, əlavə yürüş məsafəsinə, yanacaq sərfinə və vaxt itkisinə səbəb olur.

Bu barədə nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev danışıb. Ekspert paylaşım edərək bildirib ki, birinci dərəcəli avtomobil yollarında nəqliyyat axınları, bir qayda olaraq, müxtəlif səviyyəli yol qovşaqları vasitəsilə ayrılır. Lakin yaşayış məntəqələrinə giriş-çıxışların və geriyə dönmə ehtiyacının nəzərə alınması da yol infrastrukturunun planlaşdırılmasında mühüm amildir:

“Hesab edirəm ki, magistral yolların, xüsusilə yaşayış məntəqələrindən keçən və ya onlara yaxın yerləşən hissələrinin təhlili aparılmalı, nəqliyyat axınının intensivliyi, qəza riski, əlavə yürüş məsafəsi və iqtisadi səmərəlilik nəzərə alınmaqla müxtəlif səviyyəli geriyə dönmə qovşaqlarının təşkili imkanları qiymətləndirilməlidir. Məqsəd hər yerdə yeni qovşaqlar tikmək deyil. Məqsəd zəruri nöqtələrdə nəqliyyat vasitələrinin təhlükəsiz və rahat geriyə dönüşünü təmin etmək, əsassız əlavə yürüşü azaltmaq və yol hərəkətinin ümumi təhlükəsizliyini artırmaqdır. Yol infrastrukturu yalnız hərəkəti təmin etməməli, həm də hərəkəti təhlükəsiz, səmərəli və iqtisadi cəhətdən məqsədəuyğun təşkil etməlidir”.

Mütəxəssisin təkliflərini sürücülər təbii ki müsbət qarşılayır. Magistral yollarda lazımsız geri dönmə qovşaqları həqiqətən də həm vaxt itkisinə, həm yanacaq sərfinə səbəb olur, sürücülərə əlavə problem, əsəb yaradır. Xatırladaq ki, bir müddət əvvəl "VAZ dairəsi" qovşağı və Saray-Novxanı yolunda, Abşeron Gənclər şəhərciyinin yerləşdiyi Sumqayıt-Bakı şossesinin həmin hissəsində, xüsusilə VAZ dairəsi yaxınlığında sıxlığı azaltmaq və təhlükəsizliyi təmin etmək üçün “20 Yanvar” istiqamətinə gedən birbaşa bəzi kəsişmələr və sola dönmələr bağlanmışdı. Sürücülər şəhərcikdən çıxıb birbaşa Bakı yoluna qoşula bilmirdilər. Onlar əvvəlcə Saray-Novxanı, Bakı kəndləri istiqamətinə yönəlir, yolun həmin hissəsində xüsusi olaraq yaradılmış geri dönmə nöqtəsindən geriyə dönür və yenidən magistrala qoşulub “20 Yanvar” dairəsi tərəfə hərəkət edirdilər. Bu marşrut ərazidə tıxacların və qəza şəraitlərinin qarşısını almaq üçün tətbiq edilmişdisə də sürücülərə əlavə problem yaradırdı. Yaxşı sonra ləğv edildi. Ərazidə yeni çoxsəviyyəli yol qovşaqları, körpülər və yan yolların inşa edilməsi və tunellər vasitəsilə hərəkət daha sistemli formaya salındı. İndi şəhərcikdən çıxan nəqliyyat vasitələri böyük dövrələr vurmadan, birbaşa müasir qovşaqlar və zolaqlar vasitəsilə şəhər istiqamətinə rahat çıxa bilir.