“Azərbaycan iqtisadi göstəricilərinə görə, ən yaxşı ölkələr sırasındadır”
“Dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır:
“Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin”.
Ölkə rəhbəri bəyan edib ki, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır:
“Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq”.
Prezident əlavə edib ki, hökumət yeni gəlirlər mənbəyi axtarmalıdır: “Hökumət və əlbəttə, İqtisadiyyat Nazirliyi yeni gəlirlər mənbəyi axtarmalıdır. Bir daha demək istəyirəm ki, ehtiyatlar var və bilirəm, bu istiqamətdə iş gedir. Bunu uzatmaq lazım deyil. Hesab edirəm ki, qısa müddət ərzində yeni təkliflər hazırlanıb mənə təqdim edilməlidir”.
Prezidentin bəyan etdiyi mühüm məqamla bağlı fikirlərini “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli bildirib ki, Azərbaycan iqtisadi göstəricilərinə görə, ən yaxşı ölkələr sırasındadır. Deputatın sözlərinə görə, neftin qiymətinin düşməsi və pandemiyaya qarşı mübarizə səbəbindən müəyyən iqtisadi çətinliklər meydana gəlsə də, atılan addımlarla problemlər aradan qaldırılıb:
“Ölkə rəhbəri bəyan etdi ki, 2,5 milyard dollarlıq yardım paketindən əlavə vəsait ayrılacaq və bütün istiqamətlər üzrə yardımlar ediləcək. Lakin dövlət başçısı iki məqamı xüsusi qeyd etdi. Prezident vurğuladı ki, sosial sahədə büdcə kəsiri olmayacaq, yəni qənaət edilməyəcək. Bu da dövlət büdcəsinin 40 faizi deməkdir. Ancaq digər sahələrdə müəyyən ixtisarlar etmək, layihələri təxirə salmaq mümkündür. Ən əsası isə bu sahələr üçün investisiya mənbələri axtarmaq lazımdır. Sahibkarları sözügedən sektorlar üzrə yatırım etməyə sövq etmək olar. Zəruri olmayan tikinti sahələlərində xərcləri azaltmaq ağlabatandır. Düzdür, dövlət başçısı konkret sahə adı çəkmədi. Amma sözsüz ki, ölkə rəhbərinin tapşırığına əsasən, müvafiq qurumlar qısa zamanda ixtisarları və əlavə gəlir mənbələrini müəyyən edəcəklər. Bir sıra sahələrdə gedən ixtisarlar büdcəmizin sağlamlaşmasına gətirib çıxaracaq. Ona görə də bu məsələ çox mühümdür”.