“Dövlət vətəndaşının rifahını prioritet hesab edir” – Ödəmələr !  


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məlum olduğu kimi, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Əhalinin məşğulluq imkanlarının artırılması üçün məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib.

DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər. İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Ümumilikdə 9-17 apreldə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Ödəniş bank filialları və ya poçt şöbələri vasitəsilə təmin edilir.




Dövlət tərəfindən sosial sahədə görülən işləri “Sherg.az”da dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, koronavirus pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, dövlət öz vətəndaşının qayğısına qalır. İqtisadçı bildirib ki, əgər Azərbaycan iqtisadiyyatı dayanıqlı olmasaydı, dövlət tərəfindən bu qədər mühüm sosial tədbirlər görülə bilməzdi: 

“Pandemiya ortaya çıxan gündən dövlət tərəfindən, xüsusən ölkə başçısı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə bütün problemli məsələlərin operativ həllinə başlanılıb. Sosial tədbirlərin görülməsi, əhalinin aztəminatlı ailələrinə yardım edilməsi istiqamətində mühüm addımlar atılıb. Bu sahədə atılan addımlara görə, Azərbaycan bir çox ölkədən öndə dayanır. Hətta sosial ayırmalara görə, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən də qabaqdayıq. Avropa ölkələrində səhiyyə və sosial sahələrdə sistem böhranı yaşanır. Böyük Britaniyada, İtaliya və İspaniyada vətəndaşın səhhətində problem yarandığı halda heç cür xəstəxanaya gedə bilmir. Onların elektron müraciətinə günlərlə cavab verilmir. Ancaq bizdə səhiyyə və sosial müdafiə sistemləri təkmilləşdirilmiş şəkildə inkişaf edir və öz işlərini yüksək səviyyədə həyata keçirirlər”. 

F.İbrahimovun sözlərinə görə, ölkə başçısı İlham Əliyev fasiləsiz, bayram günlərində belə dinlənmədən prosesə nəzarəti həyata keçirir: 

“Prezident yaranmış pandemiya ilə bağlı dövlət qurumlarına bütün zəruri tapşırıqları verib. Məhz ölkə rəhbərinin təlimatına əsasən çox qısa zamanda dörd işçi qrupu yaradılıb. Görülməsi zəruri olan bütün proqramlar dərhal hazırlanaraq cənab Prezidentə təqdim edilib və indi də həyata keçirilir. Əlbəttə, bu işləri qiymətləndirməmək mümkün deyil. Hökumət tərəfindən fundamental səviyyədə çox böyük işlər görülüb və görülməkdə davam edir. Artıq 190 manatlıq müavinətlərin verilməsinə də başlanılıb. Dövlət başçısı videokonfransda xüsusilə vurğuladı ki, digər sahələrdə xərclər təxirə salınsa da, sosial layihələrdə heç bir halda ixtisarlar olmayacaq. Deməli, 2020-ci ildə nəzərdə tutulmuş sosial ayırmalar, artımlar, müavinətlər tam həyata keçiriləcək. Bu da onu göstərir ki, dövlət ancaq və ancaq öz vətəndaşının rifahını prioritet hesab edir”.