“Karantin dövründə əziyyət çəkmədən sosial müdafiələrini təmin etmiş olacaqlar”
“Bu, bir daha göstərir ki, Azərbaycan dövləti sosial dövlətdir və dövlətin siyasəti vətəndaşa yönəlik siyasətdir”
“200 deyil, 600 min insan müavinət alacaq”. Bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib. Dövlət başçısı vurğulayıb ki, birdəfəlik ödəmə almaq üçün müraciət edənlərin sayı kifayət qədər artıb və indi bu təkliflər, sifarişlər geniş təhlil edilir:
“Maksimum səviyyədə şəffaflıq təmin edilməlidir. Aztəminatlı ailələrin problemləri daha geniş şəkildə həll edilməlidir. Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-nə kimi davam edəcək. Ancaq indi uzadılacaq. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.
Ölkə rəhbərinin qərarını “Sherg.az”a dəyərləndirən millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, cənab Prezident hər zaman söyləyir ki, hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır.
Deputat bildirib ki, koronavirus pandemiyası bütün dünyanı bürüyüb:
“Dünyanın bir çox ölkələrində liderlər dilemma qarşısında qalıblar ki, iqtisadiyyatı qorusunlar, yoxsa insanları. Cənab Prezident isə birmənalı olaraq dedi ki, bizim üçün Azərbaycan vətəndaşının sağlamlığı hər şeydən önəmlidir. İqtisadiyyat zəifləyərsə, eybi yox, gələn il bunu gücləndirmək olar. Amma vətəndaşların sosial rifahı hər zaman bir nömrəli məsələdir. Dövlət başçısı öz sərəncamı ilə əvvəlcə 1 milyard manat Nazirlər Kabinetinə Tədbirlər Planı hazırlanması üçün vəsait ayırmışdı.
Daha sonra bu rəqəm 2,5 milyard manata çıxarıldı. Ölkə başçısı bununla kifayətlənmədi və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə, İqtisadiyyat naziri Mikayıl Cabbarovla videoformatda görüş keçirərkən söylədi ki, biz bu vəsaiti 3 milyarda, 3,5 milyarda da çıxara bilərik. Çünki əsas məqsəd insanların sosial təminatıdır.
200 min insanın yaşayış minimumu səviyyəsində iki aylıq 190 manat müavinətlə təmin olunması ilə bağlı Nazirlər Kabinetinin qərarı var idi. Cənab Prezident isə söylədi ki, bizə müraciətlər çoxdur və onları nəzərə alaraq əlavə 400 min insanın da müavinət almasına imkan yaradır.
Bununla da indiki şəraitdə 600 min insana iki aylıq 190 manatlıq müavinət veriləcək. Bu o deməkdir ki, Azərbaycanın bütün vətəndaşları dövlətin bu yardımından bəhrələnəcəklər. Karantin dövründə əziyyət çəkmədən sosial müdafiələrini təmin etmiş olacaqlar. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti sosial dövlətdir və dövlətin siyasəti vətəndaşa yönəlik siyasətdir”.