Vəziyyətdən çıxış yolu var: “İstehsal sahələri yaradılmalıdır” 

“Dövlət büdcəsində izafi xərclərin ixtisar edilməsi çox vacib addımdır”. 

Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 

İqtisadçı bildirib ki, hələlik, maliyyə ancaq sosial müdafiəyə və yeni istehsal sahələrinin yaradılmasına yönəldilməlidir: 

“İnfrastuktur layihələrin həyati əhəmiyyətli olmayanlarını təxirə salmaq olar. Nəzərə alaq ki, qlobal pandemiyanın yaratdığı iqtisadi böhran bizə də zərər vurub. İndiki şəraitdə ancaq qeyri-neft sektoruna ümid qalır. Bu sahələrdə də cənab Prezidentin qeyd etdiyi kimi son illərdə çox böyük işlər görülüb və inkişaf tempi yüksəlib. Məhz qeyri-neft sektoru neftin ucuzlaşması şəraitində bizi vəziyyətdən çıxarmağa qadirdir. Ona görə də, bu sahələrə daha güclü dəstək verilməli və çoxsaylı yeni müəssisələrin yaradılmasına çalışılmalıdır”. 



E.Bayramlıya görə, yaranmış beynəlxalq vəziyyət göstərdi ki, turizmə də çox ümid etmək olmaz: 

“Turizm sahəsi böhran dövrlərində tamamilə sıradan çıxır. Ona görə də, Azərbaycanda ənənəvi sahələri inkişaf etdirməyə çalışmaq lazımdır. Xüsusən, kənd təsərrüfatı, aqrar sənaye, yüngül sənaye, alternativ enerji, dərman sənayesi kimi vacib sahələrə diqqət verilməlidir. Hazırda xarici fondlarda strateji ehtiyatlarımız 1-2 faiz gəlirliliklə saxlanılır. Onların müəyyən hissəsini geri çəkərək ölkə iqtisadiyyatının dediyim sahələrinə sərmayə yatırsaq ,dəfələrlə çox gəlir əldə edə bilərik. Özünüməşğulluq proqramının miqyasını artırsaq, həm istehsal artar, həm sosial problemlər və işsizlik azalar. Hesab edirəm ki, dövlət başçısı, hökumət bu istiqamətdə mümkün olan bütün tədbirlər görür və görəcək. Müvəqqəti çətinlikdir, biz xalq və dövlət olaraq bunun öhdəsindən gələcəyik”.