“Koronavirus dövlətin sosial siyasətini ikiqat gücləndirdi”

“Bizim dövlətin illər öncə qurulmuş düzgün iqtisadi siyasəti sosial layihələri həyata keçirməyə imkan verdi”




“Hələ koronavirus dünyaya yayılmazdan öncə cənab Prezident sosialyönümlü siyasəti daha da gücləndirdi”. 

Bunu “Sherg.az”a açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev deyib.

Ekspertin sözlərinə görə, iqtisadi stabillik dayanıqlı olduqca, iqtisadi imkanlar artdıqca, dövlətimizin apardığı siyasətin mərkəzində duran vətəndaş amili daha da diqqət mərkəzində olur: 

“Dövlətin prioritet hesab etdiyi məsələlərindən biri sosial siyasətin gücləndirilməsidir. İndiyə kimi görülən işləri sadalamağa ehtiyac görmürəm. Çünki mətbuatda hamısı dəfələrlə yer alıb. 

Ümumən vurğulamaq istəyirəm ki, dövlət son günlərdə 4 milyon insanı əhatə edən sosial layihələr həyata keçirib. Bu, əhalinin 40 faizini əhatə edən sosial paket deməkdir və dövlətin getdikcə daha çox sosial dövlətə çevrilməsinin göstəricisidir.

Dünyada hələ konkret “sosial dövlət” kriteriyası müəyyən olunmayıb. İndiyə kimi hansısa dövlətin bu statusu qazanıb-qazanmadığı bəlli deyil. 

Ancaq Azərbaycan dövlətinin sosialyönümlü real siyasəti birbaşa əhalinin sosial təminatına hesablanıb. Son günlərdə sosial siyasətin həyata keçirilməsi dövlətin öz vətəndaşına ünvanlanmış sosial siyasətinin göstəricisidir. Koronavirus pandemiyası dövründə isə dövlət bu siyasəti ikiqat gücləndirdi. Şükürlər olsun, bizim dövlətin illər öncə qurulmuş düzgün iqtisadi siyasəti sosial layihələri həyata keçirməyə imkan verdi”. 

R.Quliyevin sözlərinə görə, bugün dövlət sosial siyasətini ikiqat gücləndirmək məcburiyyətindədir: 

“Əvvəl sadəcə ünvanlı sosial yardımlardan söhbət gedirdisə, indi karantin səbəbindən işsiz qalan əhalinin sosial təminatından söhbət gedir. Artıq ikinci aya keçir ki, vətəndaşların bir qismi işləmədən, heç bir vəsait almadan evlərində oturub dövlət tərəfindən təminatını gözləyir. 

Dövlət də bunun öhdəsindən gəlir. Bugünədək hələ bir nəfər də oslun, nə ac, nə də çörəksiz qalıb. Dövlətin siyasəti idooloji cəhətdən elə tənzimlənib ki, insanların hamısı burada iştirak edir. Bütün vətəndaşlar könüllü şəkildə prosesdə iştirak edirlər. Bu yöndə aparılan siyasətin ən böyük uğuru məhz budur. Aparılan administrativ və inzibati tədbirlərlə bərabər, həm də uğurlu təbliğat və nümunəvi siyasətin nəticəsidir. 

Azərbaycan cəmiyyətində mənəvi birlik, mərhəmət və humanizm hissi çox yüksəkdir. Ən inkişaf etmiş dövlətlərin belə pandemiya ilə mübarizədə zəifliyi ortaya çıxıb. 

Lakin Azərbaycanda bu proseslərin hamısı idarə olunur, nəzarət altında saxlanılır. Bu da bizə ümid verir ki, pandemiyadan ölkəmiz uğurla çıxacaq. Əminəm ki, vətəndaşımız sabaha, postpandemiya dövrünə inamla baxır”.