“Sosial sahələrdə heç bir axsama olmayacaq, lakin...” - Deputat

“Zəruri olmayan sahələrdə yenidən büdcə xərclərinə baxıla bilər”

“Cənab Prezident ilk növbədə insanların sağlamlığına və onların sosial təminatına diqqət yönəldir”



 “Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasını qəbul edərkən dövlətimizin sosial xarakterli olduğunu xüsusilə vurğulamış və bu məsələ qanunvericilikdə öz əksini tapmışdı”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev də Azərbaycanın sosial dövlət olmasını hər zaman vurğulayır və atdığı addımlarla bunu sübut edir: 

“Pandemiya iqtisadiyyatımıza nə qədər zərbə vursa da, dövlət başçısı sosial sahədə heç bir ixtisarın olmayacağını bəyan etdi. Bu o deməkdir ki, büdcənin 40 faizinin təyinatı dəyişməyəcək. Əlbəttə, zəruri olmayan sahələrdə yenidən büdcə xərclərinə baxıla bilər. Lakin sosial sahələrdə heç bir axsama olmayacaq. Pandemiya ilə bağlı əvvəlcə 1, sonra 2,5, indi isə 3,5 milyard manat vəsaitin ayrılması olduqca əhəmiyyətli qərardır. Göründüyü kimi Azərbaycanın valyuta ehtiyatının böyük bir hissəsi məhz sosial sahəyə ayrılır. Məlumdur ki, ölkə başçısının qərarı ilə işsiz kimi qeydə alınan və iki aylıq 190 manat müavinət alanların sayı 200-mindən 600 minə çatdırıldı. 50 min ictimai iş yerinin Prezidentin tapşırığı ilə 90 minə çatdırılmasına qərar verildi. Bütün bunlar onu göstərir ki, dövlət tərəfindən vətəndaşa böyük diqqət və qayğı göstərilir”. 

T.Kərimli vurğulayıb ki, bir çox ölkədə işsiz kimi qeydiyyata alınan vətəndaşlara ödənişlər edilmir və “qanunların” buna imkan vermədiyini bəhanə edilir: 

“Açıq danışaq, bəzi dövlətlər belə məqamlarda vətəndaşlarına çox cüzi miqdarda yardım göstərirlər. Sosial sahələrə bizim qədər vəsait sərf edən ölkə yoxdur. Cənab Prezident ilk növbədə insanların sağlamlığına və onların sosial təminatına diqqət yönəldir. Xüsusən, ehtiyac sahibi təbəqəyə və işsiz insanların təminatına önəm verilir. Ölkə başçısı bir nəfərin də olsun dövlətin dəstəyindən kənarda qalmasına imkan vermir. Prezidentimiz insanların həyat səviyyəsinin hər hansı böhrana baxmayaraq, daim yaxşılaşmasını istəyir və bu yöndə ciddi addımlar atır. Ona görə də xalqımız öz liderinə inanır, etimad göstərir və rəğbət bəsləyir”.