“Sosial yardımlar, müavinətlər insanlarda psixoloji rahatlıq yaratdı”

“Azərbaycan hökuməti pandemiya ilə möhtəşəm şəkildə mübarizə aparır”




“Dünyanı öz cənginə almış pandemiya bütün ölkələri çətin vəziyyətə saldı. Eyni zamanda da Azərbaycanı. Bu mənada iqtisadi cəhətdən böyük çətinliklərlə üzləşdik. Bu da təbiidir”. 
Bunu “Sherg.az”a açıqlamasında gənc siyasi ekspert Rusif Məmmədsoy deyib. 
Analitik bildirib ki, ölkəmizin iqtisadi inkişafının əsas meyarı neftlə bağlıdır: 

“Hazırda neftin qiymətində gözlənilməz düşüşlər var. O səbəbdən neft sektorunda çoxlu sayda ixtisarlar edilməsi məsələsi də gündəmə gəlib. Ancaq bu problem yalnız bizi deyil, bütün dünya ölkələrinə öz təsirini göstərir və göstərəcək. Hökuməti bir məsələdən dolayı xüsusilə təbrik etmək istərdim. Azərbaycan hökuməti pandemiya ilə möhtəşəm şəkildə mübarizə aparır. Bu məni çox sevindirir. Əslində bu cür məsələlər hər zaman insanlar arasında çaxnaşmaya səbəb olan və ümidsizlik yaradan bir vasitəyə çevrilir. Lakin, biz bu prosesi çox yaxşı keçdik. Karantin rejiminin vaxtında təyin edilməsi və ona riayət edilməsinə nəzarətin olması və digər amillər virusun pik həddə çatmasına mane oldu”.


Politoloq vurğulayıb ki, insanları narahat edən məsələlərdə də hökumət yaxşı addımlar atdı: 

“Dövlət tərəfindən həyata keçirilən sosial yardımlar, müavinətlər insanlarda psixoloji rahatlıq yaratdı. Ölkə başçısının addımlarını yüksək qiymətləndirirəm. Belə də olmalı idi. Tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsi xüsusilə önəmlidir. Çünki əhalinin həssas təbəqəsi universitetin illik təhsil haqqını ödəməkdə böyük çətinliklər çəkir. Bu mənada bu məsələ də insanlarda ruh yüksəkliyinə səbəb oldu. Ümid edirik ki, pandemiya tez bir zamanda bitər”.