“Ünvanlı sosial yardıma ayrılan vəsaitdə artım olacaq”

“Maliyyə resursları imkan verir ki, Azərbaycan 2020-ci ildə bütün sosial öhdəliklərini yerinə yetirə bilsin”



Prezident İlham Əliyev Gəncədə 1 saylı Modul tipli xəstəxananın açılışında çıxışı zamanı mühüm məqamlara toxunub. Dövlət başçısının diqqət yönəltdiyi məqamlardan biri də pandemiya ilə əlaqədar indiyə qədər sərf olunan maddi vəsaitlə bağlı idi. Ölkə rəhbəri bildirdi ki, hökumət istənilən vəsaiti xərcləməyə hazırdır. Vəsaitimiz var və heç kimdən asılı deyilik:

“Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik”. Prezident qeyd edib ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib: “Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər”. 

Dövlət başçısının vurğuladığı məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, pandemiyanın hansı müddəti əhatə etməsindən asılı olmayaraq, ölkə Prezidentinin göstərişi ondan ibarətdir ki, 2020-ci ildə nəzərdə tutulan bütün sosial proqramlar icra olunmalıdır. Ekspertin sözlərinə görə, hətta bəzi sosial xərclər üzrə artımlar da olmalıdır:

“2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard manatdır, büdcə gəlirlərinin 46 faizi qeyri-neft sektorunun payına düşür. Digər 54 faizi neft sektorundan daxilolmalar kimi proqnazlaşdırılır. 5 ayın yekunlarına görə, İqtisadiyyat Nazirliyi büdcəyə vergili mənbələrdən nəzərdə tutulduğundan daha çox vəsaitin daxil olmasına nail ola bilir.

Praktik olaraq vergi üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib. Eyni zamanda neft sektorundan daxilolmaların 84 faizi Dövlət Neft Fondundan transferlərdir. Mövcud məzənnə ilə Dövlət Neft Fondundan büdcə transferlərinin həcmi 6,5 milyard dollardır. DNF-nin aktivlərinin 40 milyard dollardan artıq olduğunu nəzərə alsaq, bu halda Fond tərəfindən həmin öhdəliklərin yerinə yetirilməsində heç bir çətinlik olmayacaq. Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəlikləri büdcə gəlirlərinin 46 faizini təşkil edəcək. Digər 46 faiz qeyri-neft sektorunun payına düşür. Neft sektorundan birbaşa daxilolmalar 8 faizdir.

Bu daha çox Dövlət Neft Şirkəti tərəfindən neft məhsullarının satışından əldə edilən gəlir və bonuslardır. Sərt karantin qaydaları fonunda neft məhsullarının satışında azalmalar var, həmin məhsullara tələb azalıb. Bu baxımdan sözügedən mənbələrdən büdcəyə daxilolmalarda müəyyən azalmalar proqnazlaşdırılır. Lakin bu birbaşa pandemiyanın hansı müddətə qədər davam edəcəyindən asılıdır. Bütün hallarda büdcə gəlirlərinin mövcud strukturu ondan xəbər verir ki, sosial proqramların yerinə yetirilməsi ilə bağlı heç bir çətinlik olmayacaq. Büdcə xərclərinin 38,5 faizi məhz sosial və qorunan xərclərdir. Bu xərclərin azaldılması nəzərdə tutulmur. Mövcud imkanlar və maliyyə resursları imkan verir ki, Azərbaycan 2020-ci ildə bütün sosial öhdəliklərini yerinə yetirə bilsin. Hətta ünvanlı sosial yardıma ayrılan vəsaitdə artım müşahidə olunacaq. 2020-ci ildə 40 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulmuşdu. Ancaq cənab Prezidentin göstərişi ilə bu iş yerlərinin sayı 90 minə çatdırıldı. 50 min ödənişli iş yerinin yaradılması dövlət büdcəsi hesabına reallaşacaq. Nəticədə biz sosial istiqamətdə ayrılan vəsaitlərin azalmasını deyil, əksinə artmasını müşahidə edirik. Pandemiya şəraitinə baxmayaraq, ölkə Prezidentinin tapşırığı ilə sosial sahələrə daha çox vəsait sərf olunur”. 

Deputat bəyan edib ki, Azərbaycan pandemyaya çevik reaksiya verən dövlətlərdən biridir:

“Düşünürəm ki, bu istiqamətdə hazırlanmış iqtisadi və sosial paketlər bütövlükdə iqtisadiyyata mənfi təsirləri minimuma endirəcək. Düzdür, pandemiya iqtisadiyyata təsir göstərir.

İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, mart-aprel ayında ölkə iqtisadiyyatına pandemiyanın gündəlik təsirləri 110-150 milyon manatlıq ziyanla ölçülür. İqtisadi paket birbaşa dövlət yardımı ilə yanaşı, həm də sahibkarların dəstəklənməsini həyata keçirəcək. Artıq bu reallaşır. Fərdi sahibkarlara birbaşa dəstək üçün 80 milyon manat vəsait ayrılıb.

Eləcə də, muzdla çalışan vətəndaşlar üçün 215 milyon manatlıq paket təsdiq olundu. 1 milyard manatlıq kredit portfelinə 100 milyon manatlıq subsidiya tətbiq edildi. Vergi güzəştləri də kifayət qədər genişmiqyaslıdır və 2021-ci ilin yanvarın 1-nə kimi qüvvədə olacaq. Bunların hamısı ondan xəbər verir ki, iqtisadi paket strateji əhəmiyyət daşıyır.

Bu paket imkan verir ki, pandemiyanın çağırışlarına uyğun olaraq tətbiq olunan yeni iqtisadi modelin prinsipləri əsasında sahibkarlar daha yaxından dəstəklənsin”.