“İpoteka işlərini ya dövlətə aid olan Beynəlxalq Bankla, Azər-türk bank öz öhdəsinə götürməlidir, ya da ayrıca bir fond, qurum yaradılmalıdır”
“Hər iki halda ipoteka dəyəri 3-4 faiz olacaq. Bu isə iqtisadiyyatda ciddi canlanmalarla nəticələnəcək”
Ölkəmizdə ipoteka kreditlərinin çox yüksək olduğu heç kimə sirr deyil. Yəni o dərəcə, o qədər ki, bir daşınmaz əmlak almaqdan ötrü banka ikincinin pulunu ödəməli olursan. Tanınmış jurnalist Elçin Alıoğlunun bu barədə “Facebook” hesabında yazdıqları lap yerinə düşür: “Azərbaycanda ipoteka ilə mənzilin birini özünə alırsan, ikincisini banka”. Haqq verməmək olmur. Bəlkə də, biz jurnalistlər yanılırıq, elə belə də olmalıdır.
Amma mütəxəssislər səhv edə bilməz axı. İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında narazılıqlara əsas olduğunu deyib:
“Pandemiya ilə əlaqədər dünya iqtisadiyyatında daralmalar gedir. İndiki şəraitdə iqtisadi aktivliyi bərpa etməyin ən optimal yolu tikinti sahəsində görüləcək işlərdir. Çünki bu, çoxtərəfli sahə olub, özü ilə birlikdə 10-12 sektorun inkişafı deməkdir. Təsadüfi deyil ki, bir çox ölkələrdə, o cümlədən Türkiyədə stimullaşdırıcı addımlar atıldı, ipoteka dərəcələri aşağı salındı.
Beləliklə, ipoteka ilə satışlar 11 dəfə artdı. Rusiyada ipoteka dərəcələri normaldır- təxminən 4 faiz. Bizdə isə, əksinə, həddindən çoxdur. Sosial ipotekalar 4 faizdir. Amma insanlar illərlə növbədə gözləməli olurlar.
Yəni əlçatan deyil. Kommersiya ipotekaları isə 12-16 faizdir. İpoteka müddətini, yəni təqribən 20-25 illik bir dövrü də nəzərə alsaq, mənzilin dəyərindən iki dəfə çox pul ödəndiyini deyə bilərik”.
N.Cəfərlinin sözlərinə görə, problemin həllinin iki yolu var:
“Banklara uzun müddətli, aşağı faizli kredit sərf etmir. Deməli, dövlətin müxadiləsi olmadan məsələni həll etmək mümkün deyil. İpoteka işlərini ya dövlətə aid olan Beynəlxalq Bankla, Azər-türk bank öz öhdəsinə götürməlidir, ya da ayrıca bir fond, qurum yaradılmalıdır.
Hər iki halda ipoteka dəyəri 3-4 faiz olacaq. Bu isə iqtisadiyyatda ciddi canlanmalarla nəticələnəcək. Yeni tikililər inşa ediləcək və təbii ki, onlarca iş yeri açılacaq”.