“Onu ipliyə çevirib Azərbaycanda parça toxuyub bütöv zənciri yarada bilərik”
“Yerli istehsalın stimullaşdırılması üçün dövlətin təşviq proqramlarına ehtiyac var”
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb. Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,51 faiz artaraq 24,797 milyon dollar təşkil edib.
İyul ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin iyulu ilə müqayisədə 12,82 faiz artıb və 4,309 milyon dollara bərabər olub. Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,8 faizini təşkil edib. Son 12 ay ərzində (iyul 2019 - iyul 2020) Türkiyə 16,093 milyard dollar məbləğində hazır geyim ixrac edib.
Maraqlıdır, ölkəmizdə geyimlərin hazırlanması üçün kadr potensialı, ya da xammal hansı səviyyədədir? Azərbaycanda bu göstəricilər varsa, hazır geyimləri özümüzün istehsal etməyimiz müsbət hal ola bilər. İlk olaraq işsiz vətəndaşların məşğulluğu təmin edilər, eyni zamanda şəxsi istehsalımızı yarada bilərik.
İqtisadçı-ekspert Natiq Cəfərli də “Sherg.az”a bildirib ki, Azərbaycanın tikiş sahəsində potensialı var. Ekspert qeyd edib ki, yerli istehsalı inkişaf etdirmək üçün kifayət qədər işçi qüvvəmiz də mövcuddur:
“Biz pambığı xammal kimi xaricə satmaqdansa, onu ipliyə çevirib Azərbaycanda parça toxuyub bütöv zənciri yarada bilərik. Yəni tarladan hazır geyimə qədər bir zəncir formalaşdırmaq olar. Sadəcə bunun üçün investisiyaya ehtiyac var. Ölkəmizdə istehsalın maya dəyəri yüksəkdir. Türkiyədən gətirmək daha çox sərf edir. Türkiyədən ixracatın artmasının digər səbəbi, orada türk lirəsinin kifayət qədər ucuzlaşmasıdır. Bizdə isə manat 3 ilə yaxındır ki, sabitdir. Sabit manat rejimi həm istehsalın, həm də ixracatın qarşısında maneəyə çevrilir. Yerli istehsal daha baha başa gəlir, ixracat potensialımız zəifdir”.
İqtisadçı vurğulayıb ki, yerli istehsalın stimullaşdırılması üçün dövlətin təşviq proqramlarına ehtiyac var:
“Yəni tarladan piştaxtaya qədər zəncir formalaşdırılmalıdır. Bunun üçün müəyyən investisiyalara , yeni fabrik və zavodlara, eyni zamanda xarici investorlara ehtiyac duyulur.
Kifayət qədər imkanımız var ki, investorları Türkiyədən Azərbaycana dəvət edib, burada zavod və fabriklərin qurulmasında onların iştirakını təmin edək. Bunun üçün isə investorların daha ciddi təminatlara ehtiyacı var. Vergi və gömrük siyasətinin çevikliyi və beynəlxalq standartlara uyğunluq norması da vacibdir.
Bir məsələni həll etmək üçün bir çox məsələlərə toxunacaq addımların atılması lazımdır. Lakin əsas odur ki, işçi qüvvəsi və xammal olaraq potensialımız var. Potensialı reallaşdırmaq üçün bu sahədə maneə yaradan məsələlərin həllinə yönəlik addımların atılması vacibdir.
Həmin addımların atılması nəticəsində Azərbaycanda yerli istehsalın stimullaşdırılması üçün müəyyən proqramların həyata keçirilməsinə ehtiyac yaranıb. Əsas maneələrdən biri isə məzənnə rejimidir.
Məzənnə rejimi daxili istehsalı və ixracatı stimullaşdırmaqdansa, idxalı stimullaşdırır. Xarici partnyorlarımızın milli valyutaları dəyərdən düşdükcə oradan mal gətirmək Azərbaycanda istehsal etməkdən daha sərfəlidir”.