Dollara tələbat artacaq - ŞƏRH 

"Üzən məzənnəyə keçmək üçün bazarda minlərlə oyunçu lazımdır"

"Əslində bu, o qədər təhlükəli məsələ deyil. İqtisadiyyatda çarxların yenidən dönməsini istəyiriksə, valyutaya tələbatın artmasını gözə almalıyıq"


Hazırkı iqtisadi dalğalanmalar dövründə dolların məzənnəsinin necə olacağı çoxlarını düşündürür. Bu ilin 7 ayında banklar tərəfindən əhaliyə satılan nağd dollar 2 milyon 473 min dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 81 faiz çoxdur. Paralel olaraq ötən dövrdə banklar tərəfindən əhalidən alınan nağd dollar 655 min dollar təşkil edib ki, bu da keçən illə müqayisədə 40 faiz azdır.

Deməli, pandemiya dövründə əhali banklardan daha çox dollar alıb. Bəs indiki dövrdə dollara tələbatın artmasının səbəbləri nədir? Məlumdur ki, bir sıra ekspertlər pandemiyadan sonra iqtisadiyyatın müxtəlif sahələrinin dirçələcəyini və nəticədə dolların bahalaşacağını iddia edirlər.

İnsanlar fikirləşirlər ki, neftin qiymətinin etibarsız olması və koronavirus pandemiyası ilə əlaqədar növbəti devalvasiya ola bilər.

Ona görə də aktivlərini manatdan dollara keçirirlər. Halbuki, mütəxəssislərə görə, iqtisadiyyat üçün dollarlaşma heç də yaxşı hal deyil. İlk olaraq milli valyutamızın dövriyyəsinə, statusuna ziyandır. Həm də insanlar dolları alıb evdə saxlayırsa, istifadə etmirsə, bu da iqtisadiyyat üçün mənfi haldır. 



Dollar ajiotajı ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli də vurğulayıb ki, iqtisadi canlanma və aktivlik valyutaya, daha doğrusu dollara tələbatın artmasına səbəb olacaq. Ekspertin sözlərinə görə, iki proses bir-biri ilə paralel cərəyan edir:

“Əslində bu, o qədər təhlükəli məsələ deyil. İqtisadiyyatda çarxların yenidən dönməsini istəyiriksə, valyutaya tələbatın artmasını gözə almalıyıq. Biz idxaldan asılı ölkəyik, hətta elə sahələr var ki, yüz faiz asılıyıq.

Təəssüf ki, manatın məzənnəsi iqtisadi kateqoriyadan çıxarılıb və inzibati yolla tənzimlənən sabitlik simvoluna çevrilib. Bu, doğru yanaşma deyil. Məzənnə iqtisadi kateqoriyaya aiddir.

Qonşu ölkələrə, məsələn, Türkiyəyə baxsaq, görərik ki, bu ilin yanvarından bəri türk lirəsi 26 faiz dəyərdən düşüb. Nə baş verdi, qardaş ölkədə böyük fəlakətmi oldu? Yox, heç nə baş vermədi. Çünki üzən məzənnə rejimi iqtisadiyyatda baş verən proseslərə adekvat reaksiya verir və nəticədə iqtisadiyyat ayaqda qalır. Məzənnənin əsnək olması ölkə iqtisadiyyatına passiv təsir göstərir.

O cümlədən Rusiya rublu dollar qarşısında xeyli ucuzlaşdı, lakin şimal qonşumuzda da ciddi problemləri müşahidə etmədik. Anlayıram ki, indiki dövrdə Mərkəzi Bank və hökumət manatın məzənnəsini sərbəst buraxa bilməz. 2016-cı ildə Mərkəzi Bank bunu elan etsə də, bacara bilmədi. Çünki bazarda oyunçu sayı çox azdır.

Üzən məzənnə rejimi rəsmən elan olunsa da, buna keçid baş vermədi. İndi bizdə tənzimlənən məzənnə rejimidir və çox güman ki, uzun zaman belə davam edəcək”. 

İqtisadçıya görə, üzən məzənnəyə keçmək üçün bazarda minlərlə oyunçu lazımdır ki, dollar alıb-satsınlar:

“Bizdə dolları satan və alan qurumlar bəllidir. Düzdür, iqtisadiyyatı gücləndirmək yolunda müəyyən addımlar atılır və bundan sonra da atılacaq. Lakin liberal iqtisadiyyatın güclənməsi fonunda manatın məzənnəsinin inzibati tənzimlənməsi təəssüf ki, qaçılmaz olacaq.

Manatın dollar qarşısında ucuzlaşmasını fəlakət kimi qarşılamağın əleyhinəyəm. Manatın dəyərdən düşməsi yerli istehsalın güclənməsinə səbəb ola bilər. Gələcəkdə, postpandemiya dövründə turizmin canlanmasına gətirib çıxarar.

Yerli valyuta nə qədər ucuz olarsa, ixrac daha da stimullaşar. Hazırda əsas ticarət tərəfdaşlarımız Rusiya və Türkiyə olduğu üçün qonşu ölkələrin istehsalçılarının sponsorlarına çevrilmişik.

Mərkəzi Bank başa düşməlidir ki, sabit məzənnə rejimi dollara tələbatı artıran amildir. Manat nə qədər baha olarsa, xaricdən ölkəyə mal gətirmək daha sərfəli hala gəlir, yerli istehsal dirçəlmir. Ona görə də bu sahəyə daha elmi və uzaq perspektivdən baxmaqda yarar var”.