Qarabağda turizmin inkişaf strategiyası !- “İldə 4 milyon turist...”

Erməni işğaldan azad edilmiş Azərbaycan torpaqlarının turizm potensialı olduqca zəngindir. Qədim tarixə malik olan Qarabağ ən cəlbedici və rentabelli turizm mərkəzlərindən birinə çevrilə və bu ərazilərə istirahət məqsədilə səfərlər təşkil oluna bilər.


Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə də deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm inkişaf strategiyası hazırlanır: “Qarabağda turizm infrastrukturunun inkişaf etdirilməsindən öncə bir neçə komponent təmin edilməlidir. Həmçinin işğaldan azad edilən bölgələrdə bir neçə turizm klasterinin yaradılması da mümkündür”

Maraqlıdır, düşmən tapdağından azad edilən ərazilərimizdəki turizm potensialı prespektivdə nələr vəd edir?


Sualımızı cavablandıran millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Sherg.az”a bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda kifayət qədər turizm potensialı var:

"Həmin ərazilərin iqlimi, coğrafiyası və təbiəti həmçinin tarixi və dini abidələrin olması, xüsusən gəlmə turizmin inkişafı üçün cəlbedicidir. İşğaldan azad olunmuş Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından az saylı regional ərazilərdən biri hesab edilir. Çünki bu ərazini yayda və qışda, həm tarixi, dini, həm də müalicəvi cəhətdən turizm istiqamətində inkişaf etdirmək mümkündür. Eləcə də, digər azad edilmiş ərazilərdə də turizm potensialı yüksəkdir.

Məsələn, ən qədim yaşayış məntəqələrindən biri olan Füzuli rayonu yaxınlığında yerləşən Azıx mağarası turistləri cəlb edəcək məkanlardandır. Güman olunur ki, bu, bərpa prosesindən və pandemiyadan sonra ölkəyə gələn turistlərin sayına birbaşa təsir göstərəcək. Bu da, turistlərin sayının illik olaraq 4 milyon nəfərə çatmasına imkan verəcək.

V.Bayramov bildirib ki, daxili turizmin gəlirlərinin yüksələcəyi və ümumdaxili məhsuldakı payın artacağı gözlənilir:

"Pandemiyadan əvvəl il ərzində 5 milyondan artıq vətəndaşımız turist kimi xaricə gedirdi. İndi isə onların bir qisminin işğaldan azad olunmuş ərazilərə səfər edəcəyi proqnozlaşdırılır. Bu da valyutanın ölkədə qalmasına imkan yaradacaq".

Aygün Tahirqızı