Kilosu 100 manata satılır

"Mövsümün ilk meyvəsinin anbara gətirilməsi münasibəti ilə təntənəli mərasim düzənlənib"

"Yazın ilk nübarlarından sayılan qırmızı gilasın faydalarını sadalamaqla bitməz"


Manisanın Şahzadələr bölgəsində gilas yetişib. Bu, yaz mövsümünün ilk məhsuludur. Qiyməti də “rəmzi”dir  - kiloqramı 500 lirə. Təxminən 100 AZN. Manisanın bu gilası “qırmızı altun” adlanır. Mövsümün ən tez yetişən, ilk məhsulu hesab edilir. Manisanın Çobanisa məhəlləsində “Cristobalina” gilas sortu yetişdirən fermerlər məhsulun ilk yığımını mərkəzi meyvə-tərəvəz anbarına daşıyıblar.

Mövsümün ilk meyvəsinin anbara gətirilməsi münasibəti ilə təntənəli mərasim düzənlənib. Tədbirdə fermerlər, istehsalçı və ixracatçılarla yanaşı, Manisanın rəsmi şəxsləri də iştirak edib.

Bölgə fermeri Yavuz Tunun yetişdirdiyi 70 kiloqram gilas rəmzi şəkildə açıq satışa çıxarılıb və 500 lirəyə satılıb. Gilası alan tacir “bu, rəmzi rəqəmdir.

Gilas mövsüm ərzində normal qiymətinə düşəcək. Bu, ilk məhsul olduğu üçün fermerləri sevindirmək, təşviq etmək istədik. İlk məhsulu Ankaraya göndərəcəyik. Oradan artıq mehmanxana və marketlərə də gedəcək”. 

Yazın ilk nübarlarından sayılan qırmızı gilasın faydalarını sadalamaqla bitməz. 

100 qram gilasın tərkibində orqanizm üçün vacib nə qədər maddə var; su, protein, yağ, karbohidratlar, pektin, kalium, kalsium, maqnezium, natrium, yod, fosfor, üzvi turşular, vitamin B, vitamin E, vitamin C , vitamin B1, vitamin B2, vitamin PP... cəmisi 100 qram gilas yeməklə orqanizm yuxarıda sadalanan maddələri qəbul etmiş olur. Gilas böyrək xəstəlikləri zamanı olduqca faydalıdır. Sidikqovucu xassəyə malik olan gilas yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün xeyirlidir.

Gilasın əsas faydalarından biri də odur ki, o damarlarda tıxacların yaranmasının qarşısını alır. Qırmızı gilasa nisbətdə ağ gilasda qlükoza daha çoxdur. Şəkərli diabet xəstələri bunu diqqətdə saxlamalıdırlar. Qanazlığı (anemiya) olanların gilasdan daha çox istifadə etmələri məsləhətdir. Gilas sinir sisteminə də müsbət təsir göstərir, fiziki yorğunluğu aradan qaldırır və normal yuxunu təmin edir. Qaraciyəri təmizləməklə yanaşı gilas həm də onun fəaliyyətini yaxşılaşdırır. Gilas, həmçinin, maddələr mübadiləsini tənzimləyir, həzm prosesini normallaşdırır. Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də çəkinmədən gilas yeyə bilərlər. Çünki 100 qram gilas orqanizmə cəmisi 50 kilokalori verir.
Gilas öz tərkibinə görə orqanizmin immun sisteminin güclənməsinə müsbət təsir göstərir.

Gilasın daha bir xeyri görmə qabiliyyətini yaxşılaşdırması və zehni fəaliyyətə müsbət təsir göstərməsidir.
Uşaqlar, hamilə qadınlar, yaşlılar üçün də çox vacib meyvədir.

Gilas qalxanvari vəz, zob xəstəliklərində, öskürək, ağciyər xəstəliklərində faydalıdır. Gilasın isti kompotu, məhlulu öskürəyi yumşaldır, bronxları açır. Orqanizmi xərçəng şiş hüceyrələrindən qoruyur. Gilas yüksək səviyyədə antioksidant təsirlidir. Gilas təbii melatonin -yuxu və gümrahlıq hormonu mənbəyi olduğu üçün yuxusuzluğu aradan qaldırır.

Köpü, qəbizliyi olanlar gilası az yeməlidir, çünki gilas qaz yaradır. Diabet xəstələri də çox az qəbul etməli, gilasın, əsasən turş növlərini seçməlidirlər.