Hibrid avtomobillərin ölkəyə gətirilməsinə güzəştlər tətbiq olunmalıdır

Bununla həm ölkənin avtoparkı yenilənər, həm də ekologiyaya daha müsbət təsir göstərə bilər

Azərbaycana hibrid mühərrikli avtomobillərin idxalı ikiqat artıb. Belə ki, Azərbaycanda avtomobil idxalının həcmi 2021-ci ilin ilk 7 ayı ərzində 47 374 ədəd olub. İdxal edilmiş avtomobillərin 44 048-i minik avtomobilləri, o cümlədən 5 879-u “hibrid” mühərrikli, 44-ü (105) isə “e-car”lar təşkil edib. İdxal edilmiş “hibrid” mühərrikli avtomobillərin orta qiyməti  5 920 dollardan (10 064 manat) olub. Bəs bu avtomobillərə idxalın artmasının səbəbləri nələrdi?

Azərbaycanda son zamanlar həm hibrid, həm də elektrik avtomobillərinə marağın artdığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında deyib ki, bunun əsas səbəbi onların həm çox baha olmaması, həm də taksi xidmətində istifadə edilməsidir: "Son illər daha çox hibrid avtomobillərinin Azərbaycana gətirilməsinə şahid oluruq. Çünki onlar taksi xidmətində çox sərfəlidir. Çox az benzin sərfiyyatı olur deyə kifayət qədər sərfəli hala gəlib. Bu avtomobillərdə həm yanacağa, həm də mühərrikin yağına qənaət edilir. Ona görə də özəl taksi xidməti göstərən şirkətlər daha çox bu avtomobillərin gətirilməsinə üstünlük verirlər".
Ekspertin sözlərinə görə, Azərbaycanda həm hibrid, həm elektrik avtomobillərinin gətirilməsinin daha da asanlaşdırılması üçün yollar tapılmalıdır:

"Çünki hazırda heç bir güzəştlər nəzərdə tutulmur. Dünyanın bir çox ölkələrində hibrid və elektrik avtomobillərinə dövlət tərəfindən xüsusi güzəşt proqramları tətbiq olunur. İnsanlara təşviq olunur ki, benzinlə işləyən avtomobillərdənsə, daha müasir və ekologiyaya daha az zərər vuran bu avtomobillərə keçid etsinlər. Azərbaycanda təəssüf ki, hibridlə işləyən avtomobillərə heç bir güzəşt nəzərdə tutulmur. Ölkəyə gətirilən hibrid avtomobillərinə də benzinlə işləyən avtomobillər kimi həm gömrük rüsumu, həm də əlavə dəyər vergisi ödənilir. Bu da qiymətlərin bahalaşmasına səbəb olan əsas amildir. Ona görə də burda ciddi bir güzəşt sistemi olmalıdır. Məncə, hökumət bu sahədə müəyyən addım atmalıdır. Elektrik avtomobillərində isə mühərrikin həcminə görə gömrük rüsumu yoxdur. Çünki mühərrikin həcmi at gücü ilə hesablanmadığına görə gömrük rüsumu tutulmur, amma 15 faiz əlavə dəyər vergisi ödənilir ki, bu da çox yüksəkdir. Mənə elə gəlir ki, burda da ciddi güzəştlərə ehtiyac var. Hətta düşünürəm ki, ilkin illərdə elektrik avtomobillərinin sayının artırılması üçün ümumiyyətlə, sıfır rüsum və sıfır vergi siyasətinə keçməkdə ciddi bir yarar var. Çünki bu, ölkəyə gətirilən müasir avtomobillərin sayını artıra bilər ki, bu da ölkənin həm avtoparkını yeniləyər, həm də ekologiyaya daha müsbət təsir göstərə bilər".