Su olsa pambıq əkənlərin sayı artacaq

Ağ qızılın alış qiymətinin artırılması önəmli hadisədir

Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Məlumata görə, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb.

Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür. Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar. 2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.

Pambığın alış qiymətinin artmasının bir çox üstünlükləri olduğunu vurğulayan iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında deyib ki, bu, ilk növbədə fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunmuş bir qərardır. Ekspert qeyd edib ki, bütün bunlar fermerlərin öz işlərinə olan bağlıqlarını və həvəslərini artıracaq: "Təbii ki, bu da nəticədə Azərbaycanı dünyanın ən inkişaf etmiş texnologiyaları ilə pambıq istehsal edən dövlətinə çevirəcək. Yəni gələcəkdə Azərbaycan təkcə xammal ölkəsi kimi yox, həm də tekstil sənayesini inkişaf etdirən bir ölkəyə çevriləcək. Pambığın alış qiymətinin artımı indiki halda çox önəmlidir.

Bu, pambıq sahələrinin artımına və pambıq əkən fermerlərin gəlirlərinin artmasına səbəb olacaq. Bununla bağlı qeyd etmək lazımdır ki, alış qiyməti artsa da, bir sıra problemlər də hələ də mövcuddur. Məsələn, sahələrin susuz qalması ilk növbədə fermeri çox çətin vəziyyətə salır. Onun bəzi hallarda xərcini belə ödəmir. Suvarma baxımından problemlər tək kanalların qazılması, təmizlənməsi, suyun verilməsi ilə deyil, eləcə də gündəlik işıqların sönməsi ilə də bağlıdır. Təsəvvür edin, gündə ən azı 1 saat işıq sönməsi nə qədər nasosların dayanması deməkdir. Bu da sonda məhsuldarlığın kəskin azalmasına səbəb olur. Ümid edirəm ki, bu problemlər də tez bir zamanda öz həllini tapacaq. Bir məsələni də xüsusi olaraq qeyd edim ki, bu qərar əsasında gələn il pambıq məhsullarının əkin sahələrinin sayı artacaq. Çünki kəndli daha çox alış üçün pul verildiyini görüb, daha çox həmin məhsulu əkmək istəyəcək. Ancaq bu il kimlər ki, əkib və qeyd etdiyim problemlərlə üzləşib, onlar pambıq əkin sayını azaldacaq. Bu problemlər tək pambıq üçün deyil, taxıl və sair əkin sahələri üçün də önəmli faktdır. Hesab edirəm ki, yerli qurumlar suvarılmada bərabərliyi gözləməlidir, yəni vəzifəli adamın əkin sahəsinə daha çox su verib, digərinin haqqına girməməlidir".