Dolların dəyərdən düşmə ehtimalı yoxdur

Əksinə, qızılın qiymətində enmələr müşahidə olunur

Foreks bazarlarında dolların qiyməti bahalaşsa da bunun doqquz ayın maksimumu ilə məhdudlaşacağı proqnozlaşdırılır. Amerikanın Əfqanıstandakı fəaliyyətinin uğursuzluq kimi qəbul olunması, dollara olan tələbin azalmasına səbəb ola bilər. Bununla yanaşı, yumşaq monetar siyasətin hökm sürdüyü bir şəraitdə inflyasiyanın 13 ilin maksimumuna yüksəlməsi də dollara olan təzyiqləri artıracaq. Həmçinin, qızılda bahalaşma dalğasının da başlayacağı proqnozlaşdırılır.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında deyib ki, son zamanlar dünya maliyyə bazarlarında baş verən prosesləri Əfqanıstandakı hadisələrlə əlaqələndirsələr də, əsas məsələ Federal Rezerv Sisteminin protokollarının yayılması ilə əlaqədardır:

"Qeyd edim ki, Federal Rezerv Sistemi protokallarında qeyd olunur ki, bu ilin sonunda təhvilalma proqramlarını yavaş-yavaş azalda bilərlər. Bu da likvidliyin azalması anlamına gəlir ki, dollar bu açıqlamadan dəstək tapa bilər. İndi də gün ərzində onun avro qarşısında təqribən 1.7 yaxınlaşdığını görürük. Bu onu deməyə əsas verir ki, dolların kəskin zəifləyəcəyini söyləmək mümkün deyil. Təbii ki, belə fikirlərə gəlmək də çox tezdir. Dolların zəifləməsi üçün Federal Rezerv Sistemi yumşalmalara getməsi ilə bağlı açıqlamalar verməli idi. Ancaq biz bunu görmədik. Əslində Paulun açıqlaması oldu ki, Amerika iqtisadiyyatı hələ də "Kovid"dən sonra özünə gəlməyib və bu bir az yumşalmalara səbəb oldu. Ancaq protokollarda qeyd olunub ki, təhvilalma proqramları il sonuna qədər azalacaq. Bu isə dolların indeksinin yüksəlməsinə, dollara tələbin artmasına səbəb ola bilər. Dollar yüksəldikcə təbii ki, qızıl da dəyərdən düşür. Yəni dollar ucuzlaşmalıdır ki, qızıl da bahalaşsın. İndiki dövrdə görürük ki, qızılda enmələr müşahidə olunur. Əgər dollar getdikcə bahalaşarsa, o zaman qızılın yenidən dəyərdən düşməsi trendini görə bilərik".