Bahalaşan sıxılmış qazın qiymətidir


Boru xətləri ilə uzunmüddətli müqavilələrlə satılan qazın qiymətində isə hələ ki bir dəyişiklik yoxdur

Avropa birjalarında oktyabrın 1-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollara çatıb. Niderlandın TTF habında qazın min kubmetri 1 199,44 dollara alınıb-satılır. Ötən gün təbii qazın qiyməti 1 070 dollaradək artmışdı. Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.

Bəs, Avropa birjalarında qazın qiymətinin qalxması Azərbaycana necə təsir göstərəcək?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında vurğulayıb ki,  son üç ayda Avropada qazın qiyməti intensiv olaraq artır. Ekspert qeyd edib ki, təqribən iyul ayından başlayan proses  artıq tarixi maksimumlara çatıb:

"Amma bu, spot bazarında, yəni gündəlik birjalarda satılan qazın, əsasən də sıxılmış qazın qiymətidir. Boru xətləri ilə uzunmüddətli müqavilələrlə satılan qazın qiymətində isə hələ ki bir dəyişiklik yoxdur və bu ilin sonuna qədər də olmayacaq. Rusiya hələ də boru xətləri ilə satdığı qazın qiymətini Avropaya ortalama 236-240 dollar civarında satır, yəni burda bir dəyişiklik yoxdur. 

Çünki müqavilələr uzunmüddətli bağlanır, ən azı bir illik. Bəzi hallarda isə daha uzun müqavilələr nəzərdə tutulur. O nöqteyi-nəzərdən Azərbaycan üçün də təbii ki, dünya bazarlarında neftin və qazın qiymətinin qalxması müsbət tendensiyadır. 

Çünki bizim valyuta gəlirlərimizin böyük əksəriyyətini enerji daşıyıcıları tutur. Amma biz də uzunmüddətli kontraktlarla, boru xətləri ilə qazı həm Gürcüstana, həm Türkiyəyə, həm də Avropa Birliyi ölkələrinə satırıq. Ona görə də bu ilin sonuna qədər qiymətlərdə bir dəyişikliyin olacağını düşünmürəm. Amma gələn ildən bəzi ölkələrə, o cümlədən Avropa Birliyi ölkələrinə qazın  qiymətinin artırılması mümkündür". 

Aynurə