Yeni və kiçik sahibkarlara yaşıl işıq...

Turizm layihələrinə qrantların ayrılması bu sahənin dirçəlməsinə, inkişafına zəmin yaradacaq


Azərbaycanda turizm layihələrinə qrant ayrılması təklif olunur. Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd edilib ki, ölkədə turizm sənayesinin inkişaf etdirilməsi və mövcud turizm resurslarından adekvat şəkildə istifadə edilməsi məqsədilə həyata keçirilən turizm layihələrinin qrantlar vasitəsilə maliyyələşdirilməsi böyük əhəmiyyətə malikdir. 

Belə ki, turizm iqtisadiyyatın bütün sahələri ilə qarşılıqlı əlaqədə olduğundan onun inkişafında iştirak edən maraqlı tərəflərin sayı da çoxdur. 

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, turizm sahəsində qrantların verilməsi bir tərəfdən bu sektorda çalışan startapların dəstəklənməsinə xidmət edə bilər. Ekspert qeyd edib ki, bir sıra inkişaf etmiş ölkələrdə startapların dəstəklənməsi ilə bağlı xüsusi mexanizmlər var:

 "Həmin mexanizmlərdən biri də qrantların ayrılmasıdır. Digər tərəfdən, turizm sektorunun inkişafı həmin potensialın hansı formada tanıdılmasından asılıdır. Ona görə də qrantlar turizm təbliğatında önəmlidir. 

Xüsusən də işğaldan azad olunmuş ərazilərimizin turizm potensialının həm xarici, həm də daxili auditoriyaya daha yaxından tanıdılması baxımından vacibdir. 

O baxımdan qrantlar bütövlükdə turizm sektorunda maliyyələşmə mənbələrindən biri kimi çıxış edə bilər. Bu da nəticə etibarilə bu sektorun inkişafına, xüsusən də həmin sektorda çalışan yeni və kiçik sahibkarların daha yaxından dəstəklənməsinə gətirib çıxara bilər. 

Ümumiyyətlə, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi turizm infrastrukturunun inkişaf etdirilməsinə və turizm xidmətlərinin keyfiyyətinin qaldırılmasına təkan verəcək".