Dünya iqtisadiyyatı hər saata 215 milyon dollar itirib

Sosial şəbəkələrdəki problem hələ tam həllini tapmayıb

Srağagün Bakı vaxtı ilə saat 19:13-dən etibarən təxminən səhər saat 03.00-a qədər “Facebook” və “Instagram” sosial şəbəkələri, həmçinin “WhatsApp” messencerinin işində problemlər yaranıb. Azərbaycan da daxil olmaqla demək olar ki, dünyanın əksər ölkələrində istifadəçilər bu beynəlxalq platformaların xidmətindən yararlana bilməyiblər. Təbii ki, sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyə bilməzdi. Bəs, bu ziyan nə qədər olub?

Texnobloqer Fərid Pərdəşünas "Şərq"ə açıqlamasında bildirib ki, saatlarla şəbəkənin özünə gəlməməsi birbaşa birjalarda özünü göstərib və “Facebook”  səhmlərində böyük eniş yaşanıb:

 "Hər şey “Facebook”  DNS serverlərinin cavab verməməsi ilə başladı. Yəni siz internetə "facebook com" yazanda, internet bu adresi harada tapacağını bilmirdi. Daha sonra “Facebook”un texniki direktorunun açıqlamasında çox ciddi şəbəkə problemi yaşandığı məlum oldu. "New-York Times"ın xəbərinə görə, “Facebook” ofisində vəziyyət o həddə çatmışdı ki, işçilər yalnız email vasitəsilə əlaqə qura bilirdilər.  Saatlar keçməsinə baxmayaraq şəbəkə özünə gəlmədi və bu da birbaşa birjalarda özünü göstərdi. Nəticədə“Facebook”  səhmlərində 5.36 faizlik böyük eniş yaşandı. Bununla da Mark milyardlarla dollar itirdi". 
 Texnobloqer vurğulayıb ki, şəbəkə hazırda işlək olsa da hələ problemlər davam edəcək: "Onu da qeyd edim ki, “Facebook”  tam olaraq dünən axşam BGP protokolu ilə bağlı problem yaşayıb. Bu protokol (Border Gateway Protocol) internetdə bir şəbəkənin internetə özünü tanıtması üçün istifadə olunur. İnternet bir şəbəkədir və demək olar ki, BGP ilə bir-birinə bağlanır. BGP bir platformanın özünü internetə tanıtmasına və onunla əlaqəyə keçməsinə imkan yaradır. Dünən isə “Facebook”da bu protokolda baş verən problem “Facebook”un ümumiyyətlə internetdən, şəbəkədən kənar qalmasına səbəb oldu. Yəni bu protokol işləmir deyə, internet bizi “Facebook” serverlərinə yönəldə bilmədi. Əslində “Facebook”da hər şey qaydasında olub və serverlər salamatdır. Lakin yönəldilmə düzgün olmayıb. Buna səbəb isə “Facebook” mühəndislərinin təməl şəbəkədə etdikləri bir yenilənmə olub. Problem tam olaraq həllini tapmayıb. Rəsmi açıqlamaya görə, hələ də üzərində iş gedir. Qeyd etməliyəm ki, istifadəçilərin məlumatlarının oğurlanması və kiberhücum iddiaları da yanlışdır".
Milli Məclisin deputatı Vüqar Bayramov isə açıqlamasında dünən axşam sosial şəbəkələrin çökməsinin qlobal iqtisadiyyata da ziyansız ötüşmədiyini deyib: "NetBlocks" şirkətinin hesablamalarına görə, "Facebook", "Instagram", "Twitter", "WhatsApp" və "Facebook Messenger"in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmaması dünya üçün 645 milyon dollar xərc demək idi".
Deputat bildirib ki, "NetBlocks" şirkətinin Dünya Bank, ITU, Eurostat və ABŞ Statistikasının məlumatları əsasında apardığı hesablamalara görə, əgər internet qlobal olaraq bir gün aktiv olmazsa, o zaman dünya iqtisadiyyatına 51 milyard 423 milyon dollar ziyan dəyə bilər: "Sadəcə "Facebook"un 1 gün çalışmaması isə dünya üçün 1 milyard 291 milyon dollar xərc demək olacaq. Sosial şəbəkələrin bir gün “donması” dünyada 5 milyard 165 milyon dollar xərc yarada bilər. Qeyd edək ki, "NetBlocks" şirkəti statistik məlumatlar əsasında sosial şəbəkələrin və eləcə də internetin çalışmamasının hər bir ölkəyə vurduğu ziyanı da ayrıca hesablayır. Bu zaman ölkə iqtisadiyyatlarının ölçüsü əsas meyar kimi götürülür. 

Son problemlərdən sonra 159 milyard dollar aktivləri olan "Facebook" şirkətinin səhmləri 5 faizə yaxın ucuzlşaraq hazırda 326 dollara təklif olunur".