Yeni hədəf:“Kiberiqtisadiyyat və kiberbiznes modelinə keçid...”

“Bunun üçün kibertəhlükəsizlik strategiyalarımızı da formalaşdırmalıyıq”

“Onlayn bank sistemlərinin fəaliyyəti artırılmalıdır”

“Digər tərəfdən, onlayn fəaliyyət göstərən yeni start-uplara dövlət tərəfindən xüsusi güzəştli kreditlər və ya investisiyalar ayrılmalı, müəyyən vergi və s. ödəmələrdə xüsusi güzəştlər tətbiq edilməlidir"


"Qloballaşma erasında informasiya texnologiyaları ölkələrin iqtisadiyyatına da keçid edib. İnformasiya texnologiyalarının inkişafı, yeni iqtisadi model olan kiberiqtisadiyyat və kiberbiznesin yaradılmasını məcburi hala gətirib. Azərbaycan daxil, bütün ölkələr artıq bu istiqamətdə ciddi addımlar atır və kiberbizneslərin, kiberiqtisadiyyatın yaradılması üçün zəruri fundamental strategiyalar ortaya qoyur".

Bu fikirləri "Sherg.az"açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.O vurğulayıb ki, artıq bir sıra dövlət və özəl müəssisələrdə xüsusi lisenziyalı proqram təminatından istifadə edilir: 

"Bu isə rəqəmsal iqtisadiyyata transformasiyada fundamental və əsas məsələ hesab olunur ki, müəyyən qədər də olsa biz bunun öhdəsindən gələ bilmişik. İkinci önəmli mövzu neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid prosesiylə bağlıdır. Rəqəmsal transformasiya üzrə hökumət strategiyasının hazırlanması da bu prosesin sürətlənməsinə xüsusi təkan verəcək. Bu isə eyni zamanda təbii resurslardan asılılığı azaldacaq. İnnovativ texnoloji və maddi idarəçilik əsasında dayanıqlı inkişafa səbəb olacaq. Adicə, bu gün müəyyən dərəcədə ölkə səviyyəsində tətbiq edilən elektron ticarəti, elektron informasiya emalı istifadəçisi, elektron maliyyə və vergi sistemini, elektron hökumət sistemini, elektron bankçılıq və sığortaçılıq sistemini düşünün. Görün nə qədər effektiv, rahat, optimal bir yoldur. Təbii ki, biz əgər kiberiqtisadiyyat və kiberbiznes modelinə keçid etməyi hədəfləmişiksə, kibertəhlükəsizlik strategiyalarımızı da formalaşdırmalıyıq. Bu kimi hallarda biz bütün baş verəcək problemləri göz önündə tutmalıyıq və problem baş vermədən dövlət səviyyəsində xüsusi kibermühafizə və təhlükəsizlik məsələləri həll olunmalı, daim gündəmdə saxlanılmalı və bunlar üçün müəyyən altyapı qanunları, fundamental baza qanunları hazırlanmalıdır. 

Digər tərəfdən iki ilə yaxındır bitmək bilməyən pandemiya şərtlərindən asılı olaraq bir çox özəl və dövlət qurumları artıq elektronlaşdırılmış xüsusi həllər vasitəsilə fəaliyyət göstərirdi. Məsələn bir çox ticarət obyektləri fiziki olaraq fəaliyyət göstərə bilmədiyi üçün onlayn tətbiqlərini yaratmağa başladı.  Və insanların bu xidmətlərdən istifadə sayı artırıldı".

E.Səfərli əlavə edib ki, alış-veriş mərkəzləri, geyim mağazaları, restoranlar, hətta apteklər belə onlayn tətbiqlər vasitəsilə fəaliyyətini durdurmadan sürdürmə imkanı qazanıb:

 "Ümumiyyətlə onlayn tətbiqlər vasitəsilə fəaliyyətin bir çox müsbət tərəfləri mövcuddur. İlkin olaraq, ticarət obyektləri ilə yanaşı daşıma xidməti göstərən şirkətlər, müxtəlif texnologiyalar şirkətləri və digər əlaqəli fiziki və hüquqi şəxslər də fəaliyyət göstərirlər. Bu isə müəyyən qədər də olsa pandemiya dövründə istihdamın formalaşması deməkdir. 

 Digər tərəfdən müəyyən müddət sonra insanlar onlayn alış-veriş xidmətlərinə daha çox üz tutacağı üçün bu proses sürətləndi. Məsələn, 15 il əvvəl insanlar kommunal xərcləri bankla və ya poçtla ödəyirdilərsə, indi demək olar əhalinin əksəriyyəti kommunal xərcləri onlayn tətbiqlər vasitəsilə ödəyir. 

Ticarət də belədir. İstər qida, istər geyim, istərsə də digər alış-veriş sahələri üzrə onlayn proqramlar və tətbiqlərin formalaşması gələcəkdə hər kəsin rahat bir şəkildə, heç bir yerə getmədən alış-veriş etməsini zəruri hala gətirəcək. 

Təbii ki, burda diqqət olunacaq xüsusi məqamlar mövcuddur. Belə ki, bu tip onlayn tətbiqlərin həyata keçirilməsi üçün dövlət tərəfindən xüsusi olaraq İnformasiya texnologiyaları sahəsində güclü fundamental baza formalaşmalıdır. Eləcə də onlayn alış-verişin aparılması, onlayn ödəmələrin həyata keçirilməsi üçün onlayn bank sistemlərinin fəaliyyəti artırılmalıdır.

Digər tərəfdən, onlayn fəaliyyət göstərən yeni start-uplara dövlət tərəfindən xüsusi güzəştli kreditlər və ya investisiyalar ayrılmalı, müəyyən vergi və s. ödəmələrdə xüsusi güzəştlər tətbiq edilməlidir".