Qarabağın azadlığından sonra regiona sabitlik gəlmək üzrədir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyəti indi daha böyük məna kəsb edir

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin sayəsində Qərbi Avropadan uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fasiləsiz qatar səfərinin həyata keçməsini mümkün etdik".  Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti qlobal ticarət sahəsində yeni və əhəmiyyətli alternativ olaraq getdikcə daha önə çıxmaqdadır. 

Türkiyə prezidenti qeyd edib ki, region geostrateji əhəmiyyətini heç vaxt itirməyib. Ərdoğan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin qlobal ticarətdə yeni və əhəmiyyətli alternativ olaraq getdikcə daha önə çıxdığını vurğulayıb.

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsində əsas məqsəd tək regional deyil, eyni zamanda Uzaq Şərqdən, Orta Asiyadan tutmuş Şərqi və Qərbi Avropanın da daxil olduğu qlobal ticarət marşrutunun reallaşmasını təmin etmək idi. Ekspertin sözlərinə görə, İstanbul boğazı üzərindən çəkilən Yavuz Sultan Səlim körpüsü, eləcə də boğazın altından çəkilən tunel belə bu məqsədlə çəkilib: "Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyə və Azərbaycanın qlobal ticarət marşrutlarına töhfə vermək üçün fəaliyyətinin ən böyük nailiyyətdir.
 R.T.Ərdoğanın bu layihəyə önəm verən bəyanatının təsadüfi olmadığı qənaətindəyəm. Bu marşrut hələ layihə və hətta tikinti dövründə olduğu vaxtlarda belə ona qarşı mane törətmək istəyənlər var idi. Amerika, İran, hətta Rusiyanın özü bu layihənin əleyhinə çıxmışdı. Hətta Amerika beynəlxalq kredit təşkilatlarına bu layihəyə maliyyə ayrılmasına qadağa qoymuşdu". 
A.Qasımov əlavə edib ki, bunu da Ermənistanın bu layihədən kənar qalması ilə əlaqələndirirdi: "Doğrudur, Azərbaycanın maliyyə imkanları imkan verdi ki, bu işi öz gücünə həll etsin, hətta Gürcüstanın yerinə belə simvolik bir faizlə kredit ayırmışdı. Bu, ilk dövrlər 200 milyon dollar təşkil etsə də, sonralar 700 milyona kimi qalxmışdı. Amma bu belə layihənin həyata keçirilməsinə mane ola bilmədi. Regionun digər ölkələri bu layihəni həmin vaxtlar qısqanclıqla qarşıladığı kimi, indi də eyni düşüncə sahibi olan ölkələr var. Bu dəmir yolunun hələlik infrastrukturu hazır olsa da, öz gücü ilə işləmir. Buna səbəb bu günə kimi mövcud olan siyasi vəziyyətin uyğun olmaması idi. 

Hazırda regionda yaranmış yeni siyasi durum buna imkan verir ki, regionun digər ölkələri də bu layihəyə qoşulsun. Bura Ermənistan və İran da daxil ola bilər. İranın bu barədə öz fikirləri var. Bu, Çindən gələn marşrutun İran və Ermənistanla keçməklə Gürcüstan üzərindən Qara dənizə çıxması üzərindədir. 

Lakin bu, həm bahalı, həm də yerin relyefi üzündən reallaşması mümkün olmayan layihədir. Artıq Qarabağ məsələsi həll edilib, regiona stabillik gəlmək üzrədir. 

Odur ki, region ölkələrinin Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməsi və ona qoşulması ən yaxşı haldır. Təbii ki, bunun üçün Zəngəzur dəhlizinin açılması mütləqdir".