Bahalaşma pik həddə çatıb

Artıq parlamentdə də millət vəkilləri etiraza başladılar

İqtisadçı: "Büdcə ölkənin əsas iqtisadi pasportudur, təəssüf ki, qısa zaman ərzində min səhifəlik büdcə paketinin müzakirəsi effektiv ola bilməz"

Ötən gün Milli Məclisin keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib ki, Azərbaycanda büdcənin müzakirələri çox qısa keçir. Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər". 

S.Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini də təklif edib: “Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda büdcə müzakirələri çox qısa zamanda yekunlaşır. İqtisadçı qeyd edib ki, bu zaman kəsimində min səhifəlik büdcə paketinin müzakirəsi effektiv ola bilməz: 

"Bu, mümkün deyil. Bəzi qonşu ölkələrin praktikasına baxanda görürük ki, aylarla davam edən büdcə müzakirələri olur. Məsələn, Türkiyədə təqribən oktyabrdan başlayır və dekabrın sonuna qədər büdcə müzakirələri olur, yəni əvvəl komissiyalarda, sonra plenar iclaslarda. Bu, Gürcüstanda da, Rusiyada da belədir. Hətta Avropa ölkələrinin əksəriyyətində də eyni praktikanın şahidi oluruq. Bu onu deməyə əsas verir ki, büdcə ölkənin əsas iqtisadi pasportu və əsas iqtisadi sənədidir. Büdcə ilə bağlı müzakirələr həm də ictimai əhəmiyyət kəsb edir. Hər birimizin həyatına təsir edən amildir. Büdcə müzakirələrinin geniş aparılması, ictimai müzakirələrin təşkil olunması, paralel olaraq parlamentdə də detallı müzakirələrin olması çox vacibdir. Ona görə də büdcə müzakirələrinə kifayət qədər zaman artırılmalı, həm də müzakirələrin keyfiyyəti yüksəlməlidir. Yəni ayrı-ayrı təkliflərin müzakirəsinə də ciddi zamanın ayrılmasına ehtiyac var". 

İqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, vaxtın artırılması ilə bağlı təklif çox yaxşıdır: 

"Amma təəssüf hissi ilə qeyd edim ki, bu, nəticə verməyəcək. Səbəb odur ki, bu gün Maliyyə Nazirliyinin mətbuat xidməti belə qeyri-obyektiv işləyir. Maliyyə Nazirliyinin sistemində ümumiyyətlə,  problemlər mövcuddur və bunu büdcə dinləmələrinin uzadılması ilə təkcə həll etmək mümkün deyil. Ümumiyyətlə, Maliyyə Nazirliyində ciddi islahatların aparılmasına ehtiyac var".