Azərbaycanda kütləvi şəkildə bitkoinlərlə məşğul olanlar yoxdur

Amma fərdi qaydada bəzi sahibkarlar bitkoinə və digər kriptovalyutalara yatırımlar edirlər

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 57 min dolları ötüb. Bu barədə "Coinmarketcap" portalına istinadən məlumat verir. Son saatlarda kriptovalyuta 57 207 dollar ətrafında alınıb-satılır. Son sutka ərzində bitkoin 3 faizdən çox bahalaşıb. Bu göstərici bitkoinin bu ilin mayından etibarən qeydə alınan ən yüksək göstərici olub. 

Bəs, Azərbaycanda bu valyutaya tələbat varmı?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, kriptovalyuta və bitkoin həddindən artıq spekulyativ, xəbər axınlarına bağlı bir aktivdir. Ekspert qeyd edib ki, dünyada müəyyən proseslər yaşanarkən, bitkoinin də süni şəkildə bu xəbər axınlarına bağlı olaraq qiyməti yüksəlir və  düşür:

 "Bu dalğaları biz dəfələrlə yaşamışıq. Azərbaycanda kütləvi şəkildə bitkoinlərlə məşğul olanların olduğunu söyləmək mümkün deyil. Amma fərdi qaydada bəzi sahibkarlar bitkoinə və digər kriptovalyutalara yatırımlar edirlər. Hətta bəzi treyder şirkətləri var ki, onlar yatırım etmək istəyənlərə kömək edirlər. Ancaq bunun kütləvi  bir hal aldığını söyləmək mümkün deyil. Çünki bəzi ölkələr var ki, milyonlarla insan kripto bazarında fəaliyyətdədir. 

Türkiyədə son araşdırmalar göstərir ki, ən azından 3 milyona yaxın insan kripto bazarında fəaliyyət göstərir. Amma Azərbaycanda belə kütləvilik hələki yoxdur".