Azərbaycanda kifayət qədər valyuta ehtiyatları var

Həm qadın, həm kişi sahibkarlarının ucuz maliyyə resurslarına çıxışı əlçatan olmalıdır

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Bu gün müasir Azərbaycanda sahibkalığın inkişafında bir sıra mühüm islahatlar həyata keçirilir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Görülən işlərin nəticəsində son illərdə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. 

Ölkəmiz son illərdə iqtisadi inkişaf sahəsində uğurlar qazanmış ölkələrdən biridir. Azərbaycanın iqtisadi potensialının artırılmasında qadın sahibkarların böyük rolu var. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialların gücləndirilməsində kiçik və orta sahibkarlığın böyük rolu var. Azərbaycan əhalisi dinamik inkişaf edən, artan bir əhalidir. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsi kimi səciyyələnir. Təbii ki, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsinin təşkil olunması, onlara lazımı köməyin göstərilməsi bu sahənin güclənməsinə təkan verəcək. 

Qeyd edək ki, ötən il Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA)  Azərbaycanda 450-yə yaxın qadın sahibkarı güzəştli kreditlərlə təmin edib. Bunu AKİA-nın idarə heyəti sədrinin müavini Leyla Məmmədova "Qadınların Azərbaycanın kənd təsərrüfatında rolu" adlı konfrans zamanı deyib. O bildirib ki, ötən il Agentlik 500 fiziki və hüquqi şəxsə güzəştli kredit təqdim edib ki, onlardan 450-yə yaxını qadın sahibkardır: "Orta hesabla agentliyimizin layihələrinin iştirakçılarının 50-60 faizi qadındır. Hazırda AKİA-nın aqrar layihələrində 300-dən çox qadın fəal iştirak edir. Eyni zamanda biz kənd təsərrüfatı sahəsində qadınların rolunun gücləndirilməsi üçün regional səviyyədə müxtəlif treninqlər keçiririk".

Mövzu ilə bağlı iqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında vurğulayıb ki, həm qadın, həm də kişi sahibkarların ucuz maliyyə resurslarına çıxışı əlçatan olmalıdır. İqtisadçı dövlət büdcəsi hesabına sahibkarlığa güzəştli kreditlərin verilməsini, müxtəlif fondlar yaradılmaqla büdcə hesabına sahibkarlığın maliyyələşməsini, kreditləşməsini doğru addım saymır:

 "Əvvəllər hesab edirdim ki, bu, müvəqqəti addımdır. Ancaq görünən odur ki,  illər boyu Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə milyardlarla vəsait məmur sahibkarlığının məqsədinə xidmət edir. Çünki onların verdikləri kreditlərin strukturuna baxdıqda görürük ki, böyük holdinqlərə, milyonlarla vəsaitlər veriblər. Ancaq real sahibkarlığa 10-15 min vəsait verilib, ya verilməyib. Bununla da sahibkarlıq inkişafa gətirilə bilməz. Fikrimcə, həm qadın, həm kişi sahibkarları, həm də şirkətlərin ucuz maliyyə resurslarına çıxışı əlçatan olmalıdır. Çünki Azərbaycan Respublikasının kifayət qədər valyuta və vəsait ehtiyatları var. Həmin ehtiyatları ucuz depozit şəklində aşağı faizlə kommersiya banklarına verə bilər ki, onlar da ucuz resurs verə bilsinlər. Əgər bu günləri biznes kreditləri aşağı-yuxarı 15-20 faiz arasıdırsa, eyni zamanda istehlak kreditləri 28-30 faizdirsə, deməli, Azərbaycanda bunun əlçatan olduğunu demək mümkün deyil. Belə olan şəraitdə Azərbaycan sahibkarları heç vaxt xarici partnyorlarla rəqabət apara bilməzlər. Yaxşı, ucuz, keyfiyyətli və  optimal qiymətə mal yarada bilməzlər".

N.Bəydəmirli əlavə edib ki, milyardlarla vəsait verilsə də, Azərbaycan hələ də xarici istehsalçılardan asılı vəziyyətdədir: 

"Bu asılılıq getdikcə davam edir. Nəticə etibarilə deyərdim ki, biz heç vaxt yaxşı maliyyə sistemi qura bilməmişik. Bunun da başlıca səbəbi sahibkarlıqda dövlət büdcəsinin "pay-puş" edilməsidir. Azərbaycanda əsas olaraq məmur sahibkarlığı mövcuddur. Məmurlar adətən dövlət vəzifələrində oturaraq öz bizneslərini idarə edirlər. Real sahibkarlığın inkişaf etməməsi də nəticə etibarilə rəqabət mühitinin pis olmasından qaynaqlanır. Böyük xarici bankların Azərbaycana girişi qeyri-rəsmi qadağan olunub. Çünki onların lisenziyalaşması Mərkəzi Bank tərəfindən həyata keçirilir. Onların uzun müddət Azərbaycana daxil olmaması və burda rəqabət mühitinin yaradılmamasına səbəb bankların da monopolist fəaliyyət göstərməsinin bir sübutudur".