Füzuli rayonunda artıq yeni mərhələ başlayıb


"Ağıllı kənd"də məskunlaşacaq vətəndaşlar işlə təmin olunacaq

"Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq". Bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planı ilə tanış olarkən deyib.
"Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq", - Prezident vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur. Yeni mərhələdə bərpa və yenidən qurmadan sonra iqtisadiyyatın formalaşması və Füzuli rayon iqtisadiyyatının ölkə iqtisadiyyatına inteqrasiyası həyata keçiriləcək: 

"Bu ərazilərin əksər torpaqları məhsuldardır. İşğaldan əvvəlki dövrdə Füzuli rayonu pambıq, taxıl və üzüm istehsalına görə respublikada fərqlənən rayonlardan biri idi. İşğaldan azad edilmiş ərazilərimizdə infrastruktur və kənd təsərrüfatı, sənaye müəssisələrinin qurulması yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Eyni zamanda Füzuli rayonunda Beynəlxalq Aeroportun istifadəyə verilməsi Füzuli üçün yeni imkanlar yaradır. Çünki nəticədə bu yalnız Füzuli rayonu üçün deyil, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşmasına xüsusi töhfə verəcək. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin böyük potensialı var. Həmin potensialın reallaşması üçün də infrastruktur və eləcə də nəqliyyat logistikanın inkişafı çox vacib idi. Bu kontekstdən artıq işğaldan azad olunmuş ərazilərimizin, eyni zamanda Füzuli rayonunda biz yeni mərhələnin başlanmasını müşahidə edirik".

V.Bayramov əlavə edib ki, Füzulidə "Ağıllı kənd" mexanizminin uyğun olaraq yeni yaşayış məntəqəsi inşa ediləcək: "Burda "Ağıllı kənd" prinsipinə uyğun olaraq məskunlaşan vətəndaşlarımızın mənzil təminatı, onların sosial obyektlərə, o cümlədən xəstəxana, məktəblərə yaxınlığı və bütün kommunal xidmətlərin təmin olunması, yüksək internet və digər xidmətlərə çıxış imkanlarının da təmin olunması həyata keçiriləcək. Nəticə etibarilə bu, işğaldan azad olunmuş ərazilərimizə tətbiq edilən modelin bir elementidir. Xüsusən nəzərə alsaq ki, "Ağıllı kənd" məşğulluğun təmin edilməsi baxımından vacibdir. Çünki həmin ərazilərdə məskunlaşacaq vətəndaşlarımız işlə təmin olunacaq. Təbii ki, həmin ərazilərdə məskunlaşacaq vətəndaşlarımızın işlə təminatı və məşğulluğun tam təmin olunması prioritetdir. Nəticədə bu rayonun potensialının daha qısa zamanda reallaşmasına imkan verəcək".