Ermənilərə gözdağı...

Füzuli Hava Limanı iqtisadiyyatımıza yeni nəfəs verəcək

Bu aeroport hər növ təyyarələri qəbul etmək imkanına malikdir

“İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 ay ərzində qurulub və sınaq uçuşları həyata keçirilib. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşıb”. Bunu "Şərq"ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdiyini qeyd edən deputat bildirib ki, bu, ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur: “Bu da hava limanının xüsusi özəlliklərindəndir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq. Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək. Əvvəla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolu da hazırdır və bu da o deməkdir ki, xarici və yerli nümayəndə heyətləri hava limanı vasitəsi ilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcək. İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq”.

Deputat diqqətə çatdırıb ki, Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir: “İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.