Qiymətlər sürətlə qalxır

Hökumət sosial müavinəti gücləndirməklə yanaşı, inflyasiya ilə də mübarizə aparmalıdır

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci il tarixli sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, əsasən minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur. Artımlar 1,8 milyon nəfəri əhatə edəcək. 

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında vurğulayıb ki, gələn ilin dövlət büdcəsinin 40 faizə yaxını sosial yönümlü olacaq. Deputat bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam sosial yönümlü xərclərin artırılmasına imkan verəcək: “Sərəncamda əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması nəzərdə tutulur. Artımların 40 faizə qədər olacağı gözlənilir və sahələrdən asılı olaraq bu rəqəmlər dəyişə də bilər. Eyni zamanda artımların iki milyondan artıq vətəndaşımızı əhatə edəcəyi gözlənilir. Hələlik ilkin qiymətləndirmələr və əvvəlki sosial paketlərin məbləğinə diqqət yetirsək söhbət burada milyardla ifadə olunan vəsaitin bu istiqamətdə yönəldilməsindən gedir. Təbii ki, konkret rəqəm Maliyyə Nazirliyi tərəfindən hesablanacaq, amma Maliyyə Nazirliyinin təqdim etdiyi ilkin rəqəmlərə əsasən, 2022-ci ilin dövlət büdcəsinin xərclərinin təxminən 40 faizi sosial istiqamətə yönəldiləcək". 

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanda həmişə büdcənin sosial yükü kifayət qədər yüksək olur. Ekspert qeyd edib ki, son illəri də götürsək, bu rəqəm təqribən 40 faiz civarındadır:

 "Bu il onun daha artıq olması gözlənilir. Çünki prezident minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərlə bağlı sərəncam imzalayıb. İndi Nazirlər Kabinetinin hansı təkliflərlə çıxış edəcəyini gözləyək. Qeyd edim ki, bu, kifayət qədər böyük həcmdir. 

Ancaq ödənişlər kifayət etmir, yəni həyat getdikcə bahalaşır. Qiymətlər daha sürətlə artır. Nəticə etibarilə də qiymətlərin artımı və inflyasiya sosial xərclərin önəmini azaldır. 

Burda əsas hökumətin görəcəyi iş sosial müavinəti gücləndirməklə yanaşı məhz inflyasiya ilə də mübarizə aparmaqdır ki, qiymətlər sürətlə qalxmasın. İkinci bir məsələ isə ayrılan xərclərin ünvanlı xərclənməsi, şəffaf olması və əlçatan olmasıdır ki, bu da çox önəmli məsələdir. 

Təəssüf ki, zaman-zaman bununla da bağlı problem yaşanır. Şəffaflığın artırılması və ünvanlı xərclərin çoxalması bu sahədə irəliləyişə nail olmağa imkan yarada bilər".