52 rayon və şəhərə gələn il büdcədən vəsait ayrılmayacaq


Vüqar Bayramov: "Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır"

"2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq. 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək". 
Bunu iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, layihəyə əsasən, Ağdam dövlət büdcəsindən 4 milyon 980 min manat, Balakən 1 milyon 612 min, Cəbrayıl 2 milyon 874 min, Goranboy 2 milyon 156 min, Xocalı 1 milyon 527 min, Xocavənd 1 milyon 540 min, Kəlbəcər 3 milyon 528 min, Qax 5 miyon 476 min, Laçın 2 milyon 416 min, Lerik 2 milyon 434 min, Oğuz 2 milyon 484 min, Yardımlı 2 milyon 103 min, Zəngilan 1 milyon 409 min və Zərdab 2 milyon 917 min manat vəsait alacaq: "Dövlət büdcəsindən rayonlara gələn il cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq. Gələn il büdcədən vəsait alacaq 14 rayonun tən yarısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Qalanları isə respublikanın digər bölgələrindədir. İşğaldan azad olunan şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı "özünü dolandıra" biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb".
V.Bayramov əlavə edib ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır: "Bu, dövlət büdcəsindən asılılığın aradan qaldırlmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir".