Azərbaycana dünyada analoqu olmayan çap dəzgahı gətirilib – VİDEO 

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, xarici  investisiyanın cəlbi, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində  bir sıra önəmli layihələr icra olunub. Xüsusən pandemiyanın dünyada  yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə rəğmən ölkəmizdə bu proseslər uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizə investisiya yatırmaq istəyən iş adamlarının sayı hər ötən gün artmaqdadır. Məsələn elə bu günlərdə Rusiyada yaşayan azərbaycanlı iş adamı "ArtPak" şirkətinin  rəhbəri İlqar Məmmədov da ölkəmizdə olduqca uğurlu bir layihəyə imza atıb. 

Belə ki, Azərbaycana dünyada analoqu olmayan etiket çap edən avadanlıq gətirilib. Hissələri İtaliya və İsveçrədə hazırlanmış cihaz ilk dəfə olaraq Azərbaycanda quraşdırılıb. Avadanlığın özəlliyi həm analoq, həm də rəqəmsal şəkildə  işləməsidir.  Bu münasibətlə keçirilmiş təqdimat mərasimində Milli Məclis sədrinin müavini Adil Əliyev,  "ArtPak" şirkətinin  rəhbəri İlqar Məmmədov,  Azərbaycan Sənaye Koorparasiyasının baş direktoru Kamran Nəbizadə, əməkdar məşqçi, idman ustası Firdovsi Umudov, dünya, Avropa çempionları və olimpiya mükafatçıları da iştirak ediblər. 

Açılış mərasimindən sonra  şirkətin rəhbəri İlqar Məmmədov ilk dəfə Azərbaycanda  tətbiq olunan avadanlıqla bağlı məlumat verib:

“Bu, unikal avadanlıqdır. Biz risk edərək klassik çap maşınını dijital maşınla birləşdirdik. İtaliyada olan ixtisasçılarla, İsveçrə şirkəti ilə mütəmadi görüşlər keçirirdik. Bu “makinə”ləri oflayn da almaq olardı, amma birləşdirdik. İnandım ki, Azərbaycanda çalışan mühəndislər, operatorlar maşını işlədə biləcəklər.

Ölkədə istehsal edilən və ixraca yönləndirilən qeyri-neft sektoruna aid məhsulların qablaşdırılmasında vacib elementlərdən biri də məhz etiketlənmədir. Bu mənada  ilk dəfə yüngül, sadə çap maşını gətirmişdik. Sonra  gördük ki, Azərbaycanda  həqiqətən güclü inkiaşf gedir. Azərbaycan istehsalçıları daha yeni məhsullar istehsal edirlər. Həmin məhsullara həm etiket, həm də keyfiyyətli bağlama lazımdır. Çünki  məhsullar mağazalarda göz oxşamalıdır. İxrac məhsullarına artan sifarişlər qablaşdırmada daha cəlbedici etiketlərdən istifadəni zəruri edib. Bunun üçün  isə müəssisədə yeni çap texnologiyasının tətbiqi mütləqdir”.

İ.Məmmədov diqqətə çatdırıb ki, bu gün Azərbaycana gözəl investisiya üçün yaxşı şərait yaradılıb:

“Dövlət başçısı İlahm Əliyevin bu sahədə addımlarını aydın müşahidə edirik. Buna görə də biz investisiyalarımızı Azərbaycana gətirmək istəyirik”.

Avadanlığın çatdırılması üzrə məsul şirkətin rəhbəri Sergey Kuzinin sözlərinə görə,  yeni nəsil çap maşının məhz Azərbaycana gətirilməsi ölkəni bu sahədə irəli aparacaq:

“Xüsusən Bakıda belə bir  avadanlığın quraşdırılması  ölkə iqtisadiyyatının texnologiya sahəsində irəli addım atdığını göstərir. Avadanlıq rəqəmsal çap sahəsində yenilikdir. Bu hibrid dəzgah həm analoq, həm də rəqəmnsal çap işlərini görə bilir. Aparata internet vasitəsilə məsafədən nəzarət etmək mümkündür. Bu cihazın istehsalında ən yeni nəsil texnologiyalardan  istifadə olunub”.

Bundan başqa qeyd etmək yerinə düşər ki, mərasimdə  iştirak edən Milli Məclisin spikeri Adil Əliyev,  Azərbaycan Sənaye Koorparasiyasının direktoru Kamran Nəbizadə və əməkdar məşqçi, idman ustası Firdovsi Umudov bildiriblər ki, ölkəmizə investorların diqqət göstərməsinin başlıca səbəbi ərazi bütövlüyümüzün bərpası, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə birbaşa bağlıdır. Çünki Azərbaycanda  yeni texnologiyaların tətbiqi üçün əlverişli  sərmayə imkanları yaradılıb.