Kəndlinin, sahibkarın o qədər dərdləri var ki...


Vergi Məcəlləsinə edilən dəyişiklik kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olmayacaq

Azərbaycanda kənd təsərrüfatı ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişiklik ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaradacaq. 

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif edilmiş növbəti dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına və beləliklə də daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlmiş dəyişikliklərdir. Layihəyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 3 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.

Bu istiqamətdə birinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaqdır.

Bu istiqamətdə ikinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcək ki, bu da qiymətlərin azalmasına təsir edəcək.

Dəyişikliklər Milli Məclisin dünən keçirilən iclasında səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında bildirib ki, kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına vergi güzəştləri az təsir edir. Ekspert bildirib ki, bunun səbəbi son zamanlar vergi orqanlarına güzəştin tətbiq olunması üçün sənədin tələb edilməsidir: 

“Yəni kəndlinin məhsulunun vergidən azad olunması üçün bünövrə olmalıdır. Əgər bələdiyyə torpağında əkin əkirsə, onun icarəyə götürübsə, buna görə rüsum ödəməlidir. Düzdür, əvvəllər buna ciddi fikir verilmirdi. Son zamanlar artıq sənədlərin tələb edilməsi kəndlinin onsuz da az məhsul götürməsində bu məsələlərin rəsmiləşdirilməsi əlavə vəsaitlərin ödənilməsinə gətirib çıxarır. Nəticədə vergi güzəştləri məcəllədə göstərilsə də, onların reallaşması üçün prosedurlar ağır olduğundan kəndli bundan yararlana bilmir. Hesab edirəm ki, bununla ciddi şəkildə məhsulların qiymətləri aşağı enməyəcək. Çünki sənədləşmə prosesi ən azından asan olmalıdır. Adi 75 faiz mikrosahibkara güzəşt edilməsi üçün ondan uçotunu dəqiq aparması tələb olunur. Bu da o deməkdir ki, 75 faiz güzəşt yalnız təhlil aparsaq, az sahibkara aid olur”.