Əmlaklarınızı sığortalayın!

"Nazir düz deyir, mən də tərəfdarıyam"

"Çünki vətəndaşlar, sahibkarlar, fiziki şəxslər buna görə problem yaşayırlar"

Azərbaycanda hadisələr zamanı mülk sahiblərinə dəymiş ziyanın ödənilməsi üçün əmlakların sığortalanması vacibdir. Bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əhaliyə müraciətində deyib. Nazir bildirib ki, mülk sahibləri, sahibkarlar əmlaklarını sığortalamalıdırlar. "Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə, heç bir problemimiz olmayacaq", - nazir bildirib.

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, sığorta vacib məsələdir: 

- Azərbaycanda sığorta sisteminin inkişafından razı olmasam da, sığortanın tərəfdarıyam.  Çünki sığorta bazar iqtisadiyyatının əsas elementlərindən biridir. Bəli, hamımız bilirik ki, ölkədə sığorta sistemində problemlər var. İllərlə sığorta məbləği ödəyən vətəndaş zərər gördükdə ödədiyinin qarşılığını ala bilmir. Sığorta şirkətləri müxtəlif bəhanələrlə sığorta məbləğini ödəməkdən imtina edir, yaxud da sığorta məbləğinin az bir hissəsini ödəyirlər. Ona görə də vətəndaşlar narazı qalır. Sığorta şirkətlərinə inamsızlıq da buradan yaranır. Vətəndaş bir tərəfdən baxanda haqlıdır ki, əgər lazım olduğu halda sığorta məbləğini ala bilməyəcəksə, niyə sığorta pulu ödəsin?! Amma hesab edirəm ki, yenə də sığorta olunmaq lazımdır. Bəzi neqativ hallara baxmayaraq, şəxsən mən sığortanın tərəfdarıyam. Çünki vətəndaşlar, sahibkarlar, fiziki şəxslər buna görə problem yaşayırlar. Sözsüz ki, sığorta sisteminin tətbiqində problemlər var. Sığorta şirkətləri müflis olur, səbəb göstərilmədən bağlanır. Belə hallar  sığorta sahəsinə zərbə vurur. Lakin bu sahə  inkişaf etməlidir.  Təklif edirəm ki, sığorta olunanlar aktivliyini artırsın. Eyni zamanda sığorta edənlər də normal fəaliyyətlərini təmin etsinlər. Tərəflər arasında qarşılıqlı etimad yaransın.  İnkişaf etmiş ölkələrdə sahibkarlar, adi vətəndaşlar, iş adamları mümkün zərərlərini sığorta hesabına qarşılayır. Bizdə də nəhayət bu sahə inkişaf etməlidir.