Dövlət həssas təbəqənin haqqını tanıyır

Yaxşı yaşamaq, sosial qayğıdan azad olmaq hər bir şəhid ailəsinin, müharibə əlilinin haqqıdır

İctimai və dövlət maraqlarının müdafiəsi 

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki,  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin (bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə əsasən özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Fərmandan irəli gələn digər məsələləri həll etməli, qeyd edilən mənzillərin satışı Fərmanda nəzərdə tutulan qaydaya uyğun təşkil edilməlidir. Mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görülməlidir. Həmin şəxslər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulmuş şəxslər, həmçinin 2020-ci və 2021-ci illər ərzində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəxslərdir. 

Fərmana uyğun olaraq mənzillərin satışına bu halda yol verilir ki, həmin mənzillərin sayı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin, eləcə də bu Fərman qüvvəyə mindiyi günədək yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sayından artıq olsun və həmin mənzillərin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla bu Fərmanın 3.2.1 – 3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə verilməsi mümkün olmasın. Yerli icra hakimiyyəti orqanları isə Fərmanda göstərilən şəxslər barədə məlumatları Nazirliyə təqdim etməlidir. Fərman imzalandığı gündən qüvvədədir. 
Prezidentin imzaladığı məlum Fərmanın icrası şəhid ailələri, müharibə əlilləri, digər kateqoriyadan olan əlillər və mənzilə ehtiyac olan şəxslərin sosial şəraitinin yaxşılaşdırılımasına yönəldiyi şəksizdir. Amma proses necə aparılmalıdır ki, qısa zamanda Fərmanın icrası mümkün olsun?  

Azərbaycan Prezidenti yanında Dövlətçilik və İdarəetmə Akademiyasının professoru Həvva Məmmədova “Şərq”ə açıqlamasında cənab Prezidentin indiyədək imzaladığı fərman və sərəncamların istisnasız olaraq əhalinin sosial rifahının yaxşılaşmasına yönəldiyini bildirdi: 

- O cümlədən də şəhid ailələri, müharibə əlilləri və həssas təbəqəyə mənsub digər əhali qruplarına münasibətdə biz dövlət başçısının mütəmadi qayğısının şahidi oluruq. İndiyədək xeyli sayda şəhid ailəsi, müharibə əlili, eləcə də digər kateqoriyadan olan əlillər, ehtiyaclı insanlar mənzillə təmin edilib. Valideyn himayəsindən məhrum gənclər bu yaxınlarda fərdi mənzillərlə təmin edildi. Bunlar hamısı dövlətimizin sosial yönümlü proqramlara üstünlük verdiyinin, vətəndaş, ictimai maraqları üstün tutduğunun göstəricisidir. Bilirsiniz ki, mən özüm də məcburi köçkün olmuşam. Separatçı ermənilərin Azərbaycana ərazi iddiaları və işğal faktoru nəticəsində Xankəndidən köçkün düşmüşəm. Mənim haqqım çatır ki, dövlətimizin, indi artıq önünə sabiq sözünü əlavə etdiyimiz məcburi köçkünlərə olan qayğısından danışım, çünki bunu həmişə hiss etmişik, görmüşük. Qaçqın və köçkünlərə qayğı, onların mənzillə təmin edilməsi prosesi  Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  başladı. Cənab Prezident İlham Əliyev də bu prosesi hər il sürətləndirdi. Həmçinin, paralel olaraq şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təmin olunması, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində lazımi addımlar atıldı və bu gün də davam edir. 

Bütün bunlar dövlət başçımızın xalqına olan sevgisinin, qayğısının təzahürüdür. Və bu da imzalanan sərəncam və fərmanlarda əksini tapır. Cənab Prezident Böyük Qələbəmizdən dərhal sonra ”Yaşat” Fondu, “Qarabağ Dirçəliş” Fondunun yaradılması barədə fərman imzaladı. Məqsəd məlumdur. 

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşmüş, şəhid və ya qazi olmuş şəxslərin, onların ailələrinin sosial müdafiəsini təşkil etmək, Qarabağda aparılacaq quruculuq, yenidənqurma işlərinə dəstək vermək. Burada əhalinin həssas təbəqəsinin maraqları, əhalinin sosial qayğılarının həllinə yönəlib. Yaxşı yaşamaq, sosial qayğılardan azad olmaq hər bir şəhid ailəsinin, müharibə əlilinin haqqıdır. Dövlət də onların haqqını tanıyır. 

Mən özümü xoşbəxt hesab edirəm, ona görə ki, xalqla dövlətin vəhdət təşkil etdiyi bir ölkənin vətəndaşıyam.