İşsizlik çoxdur, nəzarət yoxdur


Saxta əlillik alanlar bu addımı məcburiyyət qarşısında atırlar

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 18-də media orqanlarının rəhbərləri ilə görüşüb. O, nazirliyin fəaliyyətində ictimaiyyətlə əlaqələrin təşkilində media ilə sıx əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Eyni zamanda sosial islahatlarla, əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasında medianın mühüm rolunu qeyd edib. 

Görüş zamanı nazirin diqqət çəkdiyi məqamlardan biri də saxta pensiya məsələsi olub. S.Babayev bildirib ki, saxta yollarla pensiya alan şəxslər arasında hətta dövlətdən 14 il ərzində 1 milyon 800 min manat vəsait mənimsəyən vətəndaş belə olub. Nazir həmin fakt üzrə aparılan araşdırmaların nəticəsində o şəxsin saxta əlilliyinin ləğv olunduğunu diqqətə çatdırıb. Maraqlıdır, vətəndaşları saxta üsullarla sosial müavinət almağa sövq edən əsas səbəblər nələrdir? 

Mövzunu “Şərq”ə dəyərləndirən iqtisadçı ekspert Nazim Bəydəmirli bildirib ki, uşaq pulunun verilməməsi, işsizlik faizinin yüksəlməsi bunun başlıca səbəbləridir: 

“Uşaq pulu təkcə demoqrafik vəziyyətin idarə olunması baxımından deyil, həm də dövlətin gələcək nəsilə “atalıq qayğısının” yerinə yetirilməsidir. Bütün iqtisadi inkişaf etmiş ölkələr və digərləri uşaqlara müəyyən müavinətlər verirlər ki, onlar sağlam böyüsünlər və gələcəkdə dövlət onlara daha az pul xərcləsin. 

Dövlət uşaqlar yetkinlik yaşına çatana qədər onların xərclərini valideynləri ilə bərabər ödəməlidir. Normal ölkələr bu prinsiplə idarə olunur və heç kəs də saxta əlilliyə baş vurmur”. İqtisadçı saxta əlilliklə bağlı məsələyə diqqət çəkərək şəxsləri bu yola sürükləyən amillərə toxunub:

 “Bu başqasının payına şərik olmaqdır. Çox təəssüflər olsun ki, Azərbaycanda vətəndaşlar belə müavinətləri almaq üçün müəyyən dövlət orqanlarının, qurumların müvafiq şəxsləri ilə birgə saxtakarlıq edirlər. Adamlar buna məcbur olurlar.

 Belə olan şəraitdə onları qınamaq da olmur. Çünki işsiz kimi əksər insanları qeydiyyata almırlar və işsiz müavinətləri verilmir. Ölkəmizdə pandemiyadan sonra  işsizlik səviyyəsi beş faizin altında idi. İndi isə 6,4 faiz göstərilir. Rəqəmlər onu deməyə əsas verir ki, insanlar bu müavinətlərə  gəlir mənbəyi kimi baxırlar. Çıxılmaz vəziyyətlə üzləşdikdə də saxtakarlığa baş vururlar”. 

N.Bəydəmirliyə görə, belə saxtakarlığın qarşısını almaq  üçün hökumət öz üzərinə düşən müəyyən sosial dövlət anlayışını həyata keçirməli və vətəndaşların yaşayış minimumunu təmin etməlidir .