“Hökumət yerli istehsalın artması üçün müvafiq tədbirlər həyata keçirir”

Xəbər verdiyimiz kimi,yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qlobal bahalaşmanı şərtləndirən əsas faktorlar  diqqətə çatdırılıb, 2021-ci ildə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi vurğulanıb.Həmçinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərin hazırlanması,yüksək keyfiyyətli taxıl istehsalını stimullaşdırmaq üçün nəticə yönümlü subsidiyaların verilməsi istiqamətində danışılıb.Eyni zamada ölkənin ərzaq təhlükəsizliyi və ərzaq təminatı ilə bağlı əsas hədəflər açıqlanıb.Toplantı zamanı suni qiymət artımına qarşı görülən tədbirlərdən söz açılıb. 

Bildirilib ki, bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymətindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür: “Süni qiymət artımı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib.Tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə məlumat verilib.Respublikanın 68 şəhər və rayonları üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti,Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır.Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq”.

 

Maraqlıdır, görülən tədbirlər süni qiymət artımının qarşısını ala biləcəkmi?

 Eyni zamanda mövcud stiuasiyada ərzaq bazarında  qiymətlərin tənzimlənməsi nə dərəcədə real görünür?İqtisadçı Pərviz Heydərov bazarlarda müşahidə edilən bahalaşmadan “Sherg.az”a danışarkən bildirib ki,hazırda ölkədə müşahidə olunan qiymət artımı ötən ilin əvvəlindən start götürüb: 

“Bunun da əsas səbəbi bütün dünyada ərzaq istehsalı sahəsində yaranan çətinliklərdir. Keçən ilin bu vaxtlarından proqnoz edilmişdi ki, iri ərzaq buğdası ixrac edən ölkələr ixracı məhdudlaşdıracaq, ixraca qoyulan rüsumlar artırılacaq. Bu da dünyada qlobal miqyasda bahalaşma olacağını təxmin etməyə imkan verir”. 

İqtsadçı hökümət bu bahalaşmanın qarşısını almaq üçün gördüyü tədbirlərə diqqət çəkib:

 “Belə ki, ərzaq buğdasının idxalda olan məhdudiyyətləri sıfır nöqtəsinə qədər gətirdi.Əlavə dəyər vergisini ləğv etdi.Bundan əlavə un və ərzaq buğdası emalı üzrə istehsalçılara subsidiyalar təqdim etdi və s. Amma bu tədbirlər bazarda qiymətləri müvəqqəti saxlaya bildi. Dünyada qiymət artımı davam etdi.Keçən bütün il boyu dünyada ərzaq məhsulları sahəsində qiymət artımı səngimədi. Nəticədə bu il daxil olan kimi ərzaq buğdası sahəsində bazarda çörək və un məhsullarının qiymətlərində bahalaşma qaçınılmaz oldu. Digər ərzaq məhsulları üzrə də qiymət artımı oldu.Bunun da kökündə dünya bazarında neftin qiymətinin artması durur. Hazırda bu qiymət 90 dolları keçib 100-ə yaxınlaşır. Neftin bahalaşması yanacaq məhsullarının, bu da dolayısıyla hər şeyin qiymətinin qalxması deməkdir”.

P.Heydərova görə, biz dünyadakı mövcud  bahalaşmanın  hələ bir müddət də davam edəcəyini qəbullanmalıyıq: 

“Azərbaycanda da istehlak bazarında qiymət artımının qarşısını almaq çətin olacaq. Burda hələki heç bir kütləvi süni qiymət amilindən danışmaq olmaz.Təbii ki, belə cəhdlər istina da deyil. Amma hələki qabarıq şəkildə özünü göstərmir”.

İqtisadçı müşavirədə səsləndirilən fikirlərə toxunub: 

“Bu sözlərdən aydın olur ki, hökumət yerli istehsalın artması üçün müvafiq tədbirlər həyata keçirilməyə çalışır. Əlbəttə ki ,bunun da effekti qısa müddətdə özünü göstərə bilməz. Çünki kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı mövsümü amillərlə bağlı sahələrdir.Müşavirədən çıxarmalı olduğumuz başlıca nəticə odur ki, biz bütün bu proseslərin davamlı xarakter daşıyacağını mütləq nəzərə almalıyıq.Bununla da yerli istehsalı genişləndirmək və burda maya dəyərini aşağı salmaqla gələcəkdəki kəskin qiymət artımlarının qarşısını ala bilərik”. 

P.Heydərov ölkə başçısının bu günlərdə Ukraynaya etdiyi rəsmi səfərdən söz açıb:

“Səfər zamanı rəsmi Kiyevlə ərzaq təhlükəsizliyimizlə bağlı yeni müqavilə imzalandı.Bununla da bizim  gələcəkdə bu ölkədən də icarə torpaq götürüb,orda taxıl əkini ilə məşğul olmağımıza yaşıl işıq yandı.Bu prosesi gələcəkdə Qazaxıstan eləcə də Rusiyanın özü ilə də davam etdirə bilərik”.İqtisadçı son olaraq  bildirib ki, ölkəmizin hazırda ərzaqlıq buğda sarıdan xaricdən asılılığı 40 faizdən yuxarıdır: “Ərzaq təhlükəsizliyimizin qarşısında duran birinci məsələ də özümüzü  ilk növbədə ərzaq buğdası ilə heç olmasa 80 faiz təmin edə bilməkdir”.