Aİ-92 markalı benzin gömrük rüsumundan azad olunub! – Ucuzlaşacaqmı? 

Azərbaycana idxal edilən Aİ-92 markalı benzini gömrük rüsumundan azad olunub. Bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarındakı dəyişikliyə əsasən, qeyd olunan benzin növünün hər 1000 litr üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib. 

Eyni zamanda Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.

İqtisadçı Nazim Bəydəmirli  Nazirlər Kabinetinin yeni qərarından “Sherg.az”danışarkən bildirib ki, bu hazırda  ölkədə neft emalı zavodu daxilində benzin istehsalının çatdırılmadığını göstərir: 

“Xaricdən gələn benzinin bahalaşmaması üçün də belə bir addım atılır. Yerli məmurlarımızın və SOKAR rəhbərliyinin verdiyi məlumata görə, bu sahədə rekonstruksiya işləri 2023-cü ilin sonuna kimi tamamlanacaq. O zamana  kimi  biz yenə də  belə məsələlərlə qarşılaşacıq”. 

N.Bəydəmirli  illər boyu SOKAR  rəhbərliyinin yeni neft  emalı zavodlarının tikilməsi haqqında səsli-küylü bəyanatlar verdiyini  diqqətə  çatdırıb: 

“Hələ 2010-cu ildə Qaradağ rayonu ərazisində böyük bir neft emalı kompleksinin tikiləcəyini deyirdilər. Burada çox ciddi qiymət şişirdilməsi mövcud idi. Söhbət on milyardlarla dollar dəyəri olan bir zavoddan gedirdi. Çox təəssüf ki, idarəetmədə olan monopoliya, qohumbazlıq, regionçuluq neft sektorunda daha qabarıqdır. Onlar  illər boyu mövcud olan neft emalı zavodlarını rekonstruksiya edib müasir standartlara çatdırmaq əvəzinə, xaricdə neft emalı komplekslərinə böyük investisiyalar  yatırdılar. Bu tip layihələrdə də ölkə vətəndaşları ikinci plana atılıb. Məqsəd əksər hallarda dövlət vəsaitin mənimsənilməsi olub”.  

 İqtisadçı əksər  ölkələrlə müqayisədə Azərbaycan vətəndaşlarının  benzinə daha çox pul verdiyini vurğulayıb: 

“Çox təəssüf edirəm ki, neft istehsal edən bir ölkədə enerji qiymətləri olduqca bahadır. Bu olduqca acınacaqlı durumdur”.